Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Qan analizindən istifadə etməklə müxtəlif tip hüceyrələrin nə qədər sürətlə qocaldığını qiymətləndirmək, həmçinin bu dəyişiklikləri ciddi xəstəliklər və ölüm riski ilə əlaqələndirmək mümkündür.
"Cebheinfo.az" xəbər verir ki, "Cell Reports Medicine" jurnalında dərc olunan tədqiqat qan plazmasındakı 7 mindən çox zülalın analizinə əsaslanır. Tədqiqatçılar "Human Protein Atlas" məlumatlarından istifadə edərək bu zülalları 40-dan çox hüceyrə tipi ilə əlaqələndirib və ayrı-ayrı hüceyrə qrupları üçün “qocalma saatları” yaradıblar.
Modellər üç böyük tədqiqat qrupundan əldə edilən məlumatlar əsasında 60 min insan üzərində yoxlanılıb. Zülalların analizində iki müstəqil metoddan — SomaScan və Olink platformalarından istifadə edilib.
Nəticələr göstərib ki, eyni insanın müxtəlif hüceyrələrinin bioloji yaşı bir-birindən ciddi şəkildə fərqlənə bilər. Bəzi hüceyrə qrupları daha sürətlə qocalır, digərləri isə daha “gənc” vəziyyətini qoruyur.
Ən diqqətçəkən nəticələrdən biri ayrı-ayrı hüceyrələrin qocalması ilə gələcək xəstəlik riski arasında əlaqənin olmasıdır.
Məsələn, məlum olub ki, astrositlər, yəni sinir sistemində neyronların fəaliyyətini dəstəkləyən hüceyrələrin çox sürətli qocalması Alzheimer xəstəliyinin ən güclü proqnozlaşdırıcılarından biridir. 15 illik müşahidə zamanı astrositləri sürətlə qocalan insanlarda Alzheimer xəstəliyinə tutulma riski 12,6 dəfə yüksək olub.
Müqayisə üçün deyək ki, APOE4 gen variantı riski 5,3 dəfə artırıb,
poligenik risk 2,14 dəfə,
xronoloji yaş 1,24 dəfə artıb.
Fərq xüsusilə iki APOE4 nüsxəsi olan insanlarda böyük olub. Astrositlərin son dərəcə sürətli qocalması olan insanların 38,3%-də Alzheimer inkişaf edib.
Astrositlərin normal qocaldığı qrupda isə bu göstərici 12,6% olub.
Tədqiqatçılar digər xəstəliklərlə də oxşar əlaqələr aşkar ediblər.
Məsələn, skelet əzələsi hüceyrələrinin güclü qocalması amiotrofik lateral skleroz (ALS) riskinin 12,7 dəfə artmasına səbəb olub.
Ağciyər alveollarının və tənəffüs epitelinin qocalması isə siqaret çəkmə faktorundan əlavə ağciyər xərçəngi riskini də artırıb.
Alimlər, həmçinin Polycellular Aging Risk Score adlı ümumi göstərici yaradıblar. Bu göstərici eyni vaxtda bir neçə hüceyrə tipinin qocalmasını nəzərə alır.
20-dən çox hüceyrə tipində güclü qocalma müşahidə olunan insanlar arasında 15 illik sağqalma təxminən 34%, qocalma göstəriciləri normal olan insanlarda isə təxminən 90% olub.
Müəlliflər hesab edirlər ki, bu yanaşma gələcəkdə fərdiləşdirilmiş tibbdə yeni bir vasitəyə çevrilə bilər. Qan analizi vasitəsilə orqanizmin ümumi bioloji yaşını qiymətləndirməklə yanaşı, hansı hüceyrə sistemlərinin daha sürətlə qocaldığını və bunun hansı xəstəliklərlə əlaqəli olduğunu müəyyən etmək mümkün ola bilər.
Xatırladaq ki, bu, hazırda adi laboratoriyalarda aparılan standart qan analizi deyil. Söhbət minlərlə zülalın və mürəkkəb maşın öyrənməsi modellərinin istifadə edildiyi, hələ tədqiqat mərhələsində olan yanaşmadan gedir.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin