Qanını təmizlətmək üçün 85 min manatından keçdi

13.02.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Dünya şöhrətli aktrisa Qvinet Peltrou sağlamlıq naminə atdığı addımlarla yenidən gündəmi zəbt edib. Bu dəfə o, orqanizmini toksinlərdən və mikroplastiklərdən təmizləmək üçün tibbi imkanların hüdudlarını aşan üsula əl atıb. Aktrisa qanını təmizlətmək məqsədilə təxminən 50 min dollar xərcləyərək xüsusi prosedurdan keçib.
Çikaqoda yerləşən müasir klinikalardan birində reallaşan bu proses tibb dünyasında "Terapevtik Plazma Mübadiləsi" kimi tanınır. Əslində ağır xəstəliklərin müalicəsində istifadə edilən bu üsulu Peltrou heç bir ciddi tibbi ehtiyac olmadan, sadəcə daxili arınma məqsədilə seçib. Beş seanslıq proqram çərçivəsində qan bədəndən alınaraq süzülür, zərərli maddələrdən təmizləndikdən sonra yenidən damarlara qaytarılır.
Aktrisa bu qərarını bədəninin təbii yolla toksinləri gec kənarlaşdırması ilə izah edib. O, prosedurdan sonra özünü daha yüngül hiss etdiyini və zehni gümrahlıq qazandığını bildirib. Lakin bu addım mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Həkimlər sağlam insanın qaraciyər və böyrəklərinin bu funksiyanı mükəmməl yerinə yetirdiyini xatırladaraq, belə bahalı əməliyyatların detoks kimi təqdim olunmasının riskli olduğunu vurğulayıblar.
Qvinet Peltrounun sağlamlıq macəraları bununla bitmir. O, bundan əvvəl də immunitetini gücləndirmək üçün özünü arılara sancdırmış, günlərlə yalnız keçi südü ilə qidalanmışdı. Görünən odur ki, tanınmış sima qeyri-adi sağlamlıq ritualları ilə hələ uzun müddət müzakirə olunacaq.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью