Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pensiya qanunvericiliyinə təklif edilən yeni dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqqından vətəndaşın fərdi şəxsi hesabının sığorta (kapital) hissəsinə yönəldilən vəsaitin həcminin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur.
Bu o deməkdir ki, işçinin ödədiyi sosial sığorta haqlarının artıq 90 faizi deyil, yalnız 85 faizi onun fərdi pensiya kapitalına yazılacaq.
Rəsmi açıqlamaya görə, qalan 5 faizlik fərq hesabına sosial sığorta ehtiyatlarının və fondun dayanıqlığının artırılmasına şərait yaradılması hədəflənir.
Eyni zamanda, sistemin idarəetmə xərclərinin yuxarı həddinin bir qədər artırılması da təkliflər sırasındadır. Hər üç nəfərdən biri pensiya hüququndan məhrumdur.
Mövcud statistik mənzərə də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayı 179 525 nəfərə çatıb.
Bu isə o deməkdir ki, ölkə üzrə 65 yaşına çatmış vətəndaşların təxminən hər üç nəfərdən biri əmək pensiyası hüququ qazana bilmir və dövlətin təqdim etdiyi baza sosial müavinətlə dolanmaq məcburiyyətində qalır.
İllərlə ağır zəhmətlə yığılan kapitalın hər dəfə müxtəlif bəhanələrlə azaldılması vətəndaşın gələcəkdə əmək pensiyası almaq ümidlərini tamamilə sual altına qoymurmu?
Məsələ ilə bağlı iqtisadçı-eskpert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, məcburi dövlət sosial sığorta haqqının fərdi hesaba köçürülən hissəsinin azaldılması ilə bağlı təklifin qəbul edilməsi halında birmənalı şəkildə əmək pensiyaları mühiti pisləşəcək:
“Gələcəkdə pensiyaya çıxanların aldığı pensiyanın məbləği hazırkı meyarla hesablanmış məbləğlə müqayisədə daha aşağı olacaq. Bu gün ümumi müvafiq istiqamətdə 5 faiz azalmadan söhbət gedir. Ancaq bu heç də o demək deyil ki, vətəndaşın gələcəkdə 5 faiz bəndi azalacaq. Bunun təsirləri daha yüksək olacaq.
Nəzərə alsaq ki, bir nəfər pensiya yaşına çatmaq üçün 40-50 il pensiya fəaliyyəti ilə məşğul olur. Bu o deməkdir ki, gözlənilən pensiya dövrünün 12 il olduğunu nəzərər alarsaq, faktiki olaraq vətəndaşın sosial sığorta ödəmə müddəti gözlənilən pensiya dövrü ilə müqayisədə 3,5- 4 dəfə daha çoxdur.
Belə bir şəraitdə hətta fərdi hesabda toplanmış kapitalın hər il inflyasiya səviyyəsinə görə indeksləşməni də nəzərə almış olsaq, bu o deməkdir ki, müvafiq itkilər uzunmüddətli dövrdə, yəni növbəti 30-40 ildə bir pensiyaçı üçün 20-25 faizə qədər yüksələ bilər.
Yəni bugünkü şərtlərlə hesablanmış pensiya məbləği ilə müqayisədə 20-25 faiz daha aşağı pensiyanın hesablanmasına gətirib çıxara bilər”.
Ekspertin sözlərinə görə, bu, çox ciddi bir məsələdir və müvafiq qərarın qəbul edilməsi halında pensiya sisteminə etibar daha da aşağı düşəcək:
“Onsuzda Azərbaycanda bu istiqamətdə ciddi şübhələr var. Azərbaycanda pensiya təminatı sisteminin ictimai reputasiya əsasları çox zəifdir.
Burada həm pensiya yaşı, həm pensiya kapitalı ilə bağlı, həm də varislik hüququnun olmaması, şəffaflıqla bağlı çatışmamazlıqlar Azərbaycanda pensiya sisteminin etibarlılığını ciddi şəkildə zəiflədir.
Mənfi istiqamətdə qəbul edilən qərar isə bu sahədə daha şübhəli rəyi formalaşdıracaq. Bu, Azərbaycanın orta uzunmüddətli dövrdə əmək bazarının qanuniləşdirilməsi, şəffaflaşdırılması istiqamətində təşəbbüslərə də çox böyük mənfi təsir göstərər bilər.
Əgər müvafiq istiqamətdə qərarın qəbul edilməsi qaçılmaz hal alarsa və qanuna belə bir dəyişiklik olarsa, bu zaman ən azından müəyyən meyarlar çərçivəsində differensial mövqeyin ortaya qoyulmasına ehtiyac var.
Məsələn, hazırkı şərtlər nəzərə alınmaqla aylıq əməkhaqqı səviyyəsi ölkə üzrə orta aylıq göstəricidən yuxarı olanlara münasibətdə bir mövqe, aşağı olanlara başqa mövqe, yaxud da orta aylıq əməkhaqqının 3 mislindən daha çox əməkhaqqısı olan və buna münasibətdə sosial sığorta haqqı hesablanan şəxslərə münasibətdə nisbətən daha yüksək faizlər müəyyən etməklə, əslində müvafiq xərcin əhalinin gəlirlərinə münasibətdə daha ədalətli şəkildə ötürülməsini təmin etmək olardı.
Ancaq istənilən halda hər iki yanaşma pisləşməyə doğrudur və arzu edilən deyil. Təklif etdiyimiz yanaşmanın özü belə, o demək deyil ki, bu tam ədalətli mühit yaradacaq.
Bununla belə, ən azından daha aşağı gəlirli, daha aşağı məbləğdə pensiya almaq ehtimalı yüksək olan sosial qruplara münasibətdə müvafiq pisləşmənin təsiretmə səviyyəsini nisbətən zəiflədə bilər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin