Qanun və qayda: Vəhşi Qərbin ən qeyri adi şerifi KONKRET

27.11.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Sizə əsl dəliqanlı bir adamdan danışacağam. Açığı, ona necə yanaşmaq lazım olduğunu özüm də bilmirəm. Özünüz mühakimə edin.

Elfeqo Baka 1865-ci ildə ABŞ-ın Sokorro şəhərində anadan olub. Həmin ərazi sonradan Nyu-Meksiko ştatının tərkibinə daxil edilib.

O dövrdə bu yerlər o qədər də sıx məskunlaşmamışdı. Əhali əsasən maldarlıqla məşğul olurdu. Nə qanun-qayda vardı, nə də asayiş. Hər şeyi kovboylar idarə edirdi: istədikləri vaxt içir, istədikləri adamı güllələyir, hətta yoldan keçənləri belə öldürür, qadınlara sataşır və onları incidirdilər.

Baka uşaqlıqdan bütün bunları görüb bezmişdi. O, qanunun və qaydanın hökm sürdüyü bir mühitdə yaşamaq istəyirdi. Amma şerif də, hakim də kovboylarla dostluq edirdi. Üstəlik, onların qəzəbinə tuş gəlməkdən qorxurdular.

Nəhayət, 19 yaşında Baka qərara gəldi:

– Görünür, nə qanun, nə də qayda gözləməyə dəyməz. Özüm hərəkətə keçməliyəm.

Beləcə, qanun və qayda uğrunda mübarizəyə özünəməxsus üsulla başladı. Əlinə bir şerif nişanı keçirib elan etdi:

– Budur, qanun! İndi qalıb qaydanı yaratmaq.

Haradansa bir neçə tapança da tapdı, onlara baxıb başını yellədi:

– Bu da qayda!

Sonra küçələrə çıxaraq kovboyları sakitləşdirməyə başladı.

– Sən kimsən, ay sarısaqqal? – kovboylar təəccüblə soruşurdular.

– Şerifin müaviniyəm, – deyə Baka nişanını göstərirdi.

– Səni kim təyin edib, ay səfeh?

– Özümü özüm təyin etmişəm, – Baka tapançasını göstərirdi. – Çünki qanun da, qayda da artıq mənim əlimdədir.

Tezliklə Baka Aşağı San-Fransisko-Plaza qəsəbəsinə getdi. Bir salona daxil olanda sərxoş kovboy Çarli Makkartinin əlində tüfəng tutaraq hamını güllələməklə hədələdiyini gördü.

Baka ona yaxınlaşdı, üzünə bir yumruq vurdu, tüfəngi əlindən aldı və dedi:

– Səni həbs edirəm!

– Bir dəqiqə, – salonun sahibi etiraz etdi. – Sən bizim şerifimiz deyilsən axı.

– Hə, doğrudan da, – Baka cavab verdi. – Yaxşı, onda həbs etmirəm, girov götürürəm!

O, Çarlini də götürüb yaxınlıqdakı bir evə getdi, qapını sındıraraq içəri girdi və orada gizləndi.

Çarlinin dostları olan kovboylar başlarını qaşıyıb məsələni sülh yolu ilə həll etməyə qərar verdilər. Danışıqlar üçün Con adlı bir nəfəri göndərdilər.

– Ay kişi, dostumuzu burax! – Con evin qapısının qarşısında dayanıb qışqırdı.

– Bircə onu görməyin! – Baka cavab verdi. – Siz qanuna və qaydaya hörmət etmirsiniz!

Sonra isə Çarlidən aldığı tüfənglə heç tərəddüd etmədən Conu güllələdi.

Hamı şoka düşmüşdü. Bakanın öhdəsindən necə gələcəklərini bilmirdilər. Nəhayət, işə hakim qarışdı. Evin yanına gəlib soruşdu:

– Nə istəyirsən? Tələblərin nədir?

– İstəyirəm ki, bu axmaq Çarlini tüfənglə hamını hədələdiyinə görə mühakimə edəsiniz.

– Yaxşı, – hakim razılaşdı. – Onu burax, mən özüm mühakimə edəcəyəm.

– Yox, belə olmaz, – Baka israr etdi. – Məhkəmə iclası çağırın, onu özüm ora gətirəcəyəm. Amma mənə də toxunulmazlıq təmin edin.

Hakim buna da razılaşdı. Baka Çarlini mühafizə altında məhkəməyə gətirdi. Kovboy mühakimə olundu və ona bəraət verildi.

– İndi isə səni, Baka, mühakimə edəcəyik, – hakim dedi.

– Məni? Nəyə görə? – Baka təəccübləndi.

– Bəs Conun güllələnməsi necə olsun?

– Hə, doğrudan da, – Baka sanki yenicə xatırladı.

Sonra əlində həmin tüfənglə məhkəmə zalından qaçıb çıxdı.

Yenidən əvvəlki evdə gizləndi. Bu dəfə onun dalınca Bert adlı kovboyu göndərdilər. Amma görünür, onlar da Bakanın xarakterini yaxşı tanımırdılar. Nəticədə Baka Berti də güllələdi.

Bundan sonra evin ətrafına əlliyə yaxın kovboy toplandı. Onlar evi aramsız atəşə tutmağa başladılar. Baka zirzəmidə gizlənir, fürsət düşdükcə yuxarı çıxaraq cavab atəşi açırdı. Nəticədə dörd nəfəri öldürdü, səkkiz nəfəri isə yaraladı.

Mühasirə təxminən bir gün yarım davam etdi. Hesablamalara görə, evə ümumilikdə dörd minə yaxın güllə atılmışdı. Buna baxmayaraq, Baka sağ-salamat qaldı. Nəhayət, onu təslim olmağa razı sala bildilər.

Bakanı həbsxanaya saldılar. Altı aydan sonra qətl ittihamı ilə məhkəmə qarşısına çıxardılar.

– Özünü təqsirli hesab edirsən? – hakim soruşdu.

– Xeyr, – Baka cavab verdi. – Qoy əvvəlcə mənə toxunulmasın.

– Bəs bunu necə sübut edəcəksən?

– Buyurun, sübut!

Bakanın gizləndiyi evin qapısını məhkəməyə gətirdilər. Qapının üzərində yüzlərlə güllə dəliyi vardı.

– Həqiqətən də, – hakim dedi. – Görünür, əvvəlcə ona toxunublar.

Beləcə, Bakaya bəraət verildi.

Bir müddət sonra onu Sokorro dairəsinin şerifi təyin etdilər. Həmin ərazidə isə əsl özbaşınalıq hökm sürürdü. Qətllər, soyğunçuluqlar və digər cinayətlər adi hala çevrilmişdi. Hamı günahkarları tanıyırdı, amma heç kim onlara qarşı tədbir görməyə cəsarət etmirdi.

Baka isə fərqli üsul seçdi. O, heç kimi dərhal həbs etmədi. Əvəzində, şübhəli şəxslərin hər birinə məktub göndərdi:

“Filan tarixdə əllərinizi qaldıraraq polis məntəqəsinə gəlin. Əks halda, özüm sizin yanınıza gələcəyəm və sizi güllələyəcəyəm”.

Cinayətkarların əksəriyyəti gəlib təslim oldu. Qalanları ilə isə Baka vəd etdiyi kimi, sərt davrandı. Nəticədə onun rəhbərlik etdiyi dairədə çoxdan gözlənilən qanun-qayda bərqərar oldu.

Sonralar Baka hüquq təhsili aldı və vəkil kimi fəaliyyət göstərməyə başladı. Qətldə ittiham olunan 30 nəfəri müdafiə etdi. Onlardan yalnız biri həbs cəzasına məhkum edildi.

Daha sonra mer, dairə prokuroru və ştatda ABŞ hökumətinin rəsmi nümayəndəsi kimi çalışdı. Konqresə namizədliyini irəli sürdü, lakin seçkilərdə uğur qazana bilmədi. Bundan sonra özəl detektiv, kazinoda mühafizəçi və yerli qəzetdə köşə yazarı kimi də işləyib.

Bir sözlə, hər işin öhdəsindən gələn adam idi. Amma hansı sahədə çalışmasından asılı olmayaraq, həmişə tanınan və hörmət edilən şəxs olaraq qalırdı.

Yaşlı çağında qubernator olmaq da istəyirdi, lakin nədənsə bu arzusu gerçəkləşmədi.

O, bir dəfə müsahibəsində belə demişdi:

“Mən heç vaxt kimisə öldürmək istəməmişəm. Sadəcə istəyirdim ki, bütün cinayətkarlar qanunun ayaq səslərini eşitsinlər. Amma kimsə məni öldürmək istəyirdisə, mən qabaqlayıcı tədbir görürdüm”.

Baka 80 yaşına qədər yaşadı. Belə bir həyat tərzi keçirən insan üçün bu, özü də təəccüblüdür. Görünür, qabaqlayıcı tədbirlərini vaxtında görürdü.

Müəllif: Diana Udoviçenko
Təqdim etdi: Ağagül Mürsəlov,
KONKRET.az

Şəkildə: Elfeqo Baka (1865–1945) – Vəhşi Qərbin tanınmış simalarından biri, atıcı, qanun keşikçisi, hüquqşünas və Nyu-Meksikodan olan siyasətçi. Şəklin, ehtimal ki, 1883-cü ildə çəkildiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью