Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın İvanovo vilayətində “qanuni oğru”nun rəhbərlik etdiyi kriminal qruplaşmanın 10 ildən artıq müddətdə sərnişin avtomobil daşımaları sektorunun demək olar ki, bütün sahəsinə nəzarət etdiyi bildirilir.
Bu barədə vilayət prokurorluğunun məhkəməyə təqdim etdiyi iddiada məlumat verilib. Prokurorluq kriminal avtoritetin və onun tərəfdaşlarının ümumi dəyəri 6 milyard rubl olan aktivlərinin dövlətin gəlirinə keçirilməsini tələb edib.
Qruplaşma 1990-cı illərdə yaradılıb
Prokurorluğun məlumatına görə, vilayət ərazisində kriminal birlik hələ 1990-cı illərdə yaradılıb. Qruplaşmanın həmin vaxtdan etibarən hədə-qorxu, zor tətbiqi, soyğunçuluq, quldurluq və iqtisadi təsir sahələrinin zorakı şəkildə yenidən bölüşdürülməsi ilə məşğul olduğu bildirilir.
Qruplaşmanın tərkibində ümumilikdə 15 nəfər var. Onların ağır və xüsusilə ağır cinayətlərə görə dəfələrlə məhkum olunduğu qeyd edilir.
Prokurorluğun məlumatına görə, qruplaşma “AUE” adlı “ekstremist hərəkat”la sıx əlaqələrə malikdir, kriminal ənənələrə və ideologiyaya sadiqdir. Onun bəzi üzvlərinin yerli hakimiyyət strukturlarına inteqrasiya etdiyi də iddia olunur.
İstintaq orqanlarının versiyasına görə, kriminal birlik 2013-cü ildə vilayətdə sərnişin avtomobil daşımalarına nəzarəti tam olaraq ələ keçirib.
“Baxanlar”dan pul toplanıb
Bundan əlavə, qruplaşmanın vilayətin şəhər və rayonlarına, eləcə də islah müəssisələrinə “baxan” şəxslərdən pul topladığı bildirilir.
Nəzarət qurumunun məlumatına görə, qruplaşmanın üzvləri nəqliyyat vasitələrinə, təxminən 40 şirkətə və 250-dən çox bahalı daşınmaz əmlak obyektinə sahibdirlər.
Bu əmlaklar arasında İvanovo, Viçuqa və Moskva şəhərlərində yerləşən istehsal və sənaye obyektləri də var.
Əmlak qohumların adına keçirilib
Prokurorluğun bildirdiyinə görə, əmlakların formal sahibləri arasında kriminal qruplaşma üzvlərinin qohumları və yaxın şəxsləri də var.
İddia olunur ki, qanunsuz əldə edilən gəlirlər xaricə çıxarılıb. Vəsaitlərin bir hissəsinin isə vətəndaşların həyat və sağlamlığına qarşı tədbirlərin maliyyələşdirilməsinə, dövlət orqanlarının fəaliyyətinin pozulmasına və təşkilatlanmış cinayətkar qruplaşmanın aktivlərinin artırılmasına yönəldildiyi bildirilir.
Məhkəmə əmlaka təminat tədbiri qoyub
Prokurorluğun tələbi əsasında məhkəmə qruplaşma üzvlərinə aid əmlaka təminat tədbirləri tətbiq edib.
Bununla belə, qərarın nəqliyyat xidmətlərinin fəaliyyətinə mane olmaması nəzərdə tutulub. Cari ödənişlərin, o cümlədən əməkhaqqının verilməsi və sərnişindaşımanın davam etdirilməsi üçün yanacağın alınmasına icazə verilib.
Prokurorluq “qanuni oğru”nun və qruplaşmanın digər üzvlərinin adlarını açıqlamayıb.