Qanunsuz laboratoriyalar, cavabsız suallar... İctimaiyyətdə “donor bankı” anlayışı yanlış başa düşülür

27.01.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda süni mayalanma mövzusu uzun illərdir sakit aparılır. Elə sakit ki, sanki söhbət gələcək nəsildən, genetik təhlükəsizlikdən, qadın sağlamlığından getmir. Amma son açıqlamalar göstərir ki, bu sükutun altında ciddi risklər gizlənir.

TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli açıq şəkildə etiraf edir: “Reproduktiv sağlamlıq haqqında qanun” yoxdur. Daha doğrusu, qəbul olunmayıb. Qanun yoxdur, amma süni mayalanma var. Donorluq var. Pul dövriyyəsi var. Nəzarət isə sual altındadır.

Ən təhlükəli məqam donor sistemi ilə bağlıdır. Nə donor hüceyrələrin saxlanması üçün vahid mexanizm mövcuddur, nə də prosesin genofond üçün doğura biləcəyi nəticələr ciddi şəkildə izlənilir. Rəcəbli haqlı olaraq xəbərdarlıq edir ki, bu nəzarətsizlik gələcəkdə genetik xəstəliklərin artmasına səbəb ola bilər. Amma problem təkcə gələcək deyil, bu gündür. Follikul donoru olan qadınlar bu prosesin orqanizmlərinə vurduğu zərəri anlayırlarmı? Neçə dəfə hormonal preparat qəbul etdiklərini, bunun uzunmüddətli nəticələrini bilirlərmi? Yoxsa bu proses sadəcə asan qazanc kimi təqdim olunur?

Bu sualların cavabsız qalması təsadüfi deyil. Çünki qanun olmayanda məsuliyyət də olmur. Donoru qoruyan da yoxdur, sabah doğulacaq uşağın taleyini düşünən də.

Digər tərəfdən, mama-ginekoloq Rəşad Sultan daha real bir problemi qabardır ki, “donor bankı” anlayışı ictimaiyyətdə yanlış başa düşülür. Onun sözlərinə görə, söhbət fiziki bankdan yox, vahid reyestrdən getməlidir. Yəni kim donor olub, neçə dəfə olub, genetik əlaqələr harada kəsişir bütün bunlar bir mərkəzdə görünməlidir.

Bu reyestr niyə lazımdır? Cavab sadədir, amma qorxuludur. Sabah bioloji bacı-qardaşların bilmədən ailə qurmasının qarşısını almaq üçün. Bu gün gülməli görünən məsələ sabah sosial fəlakətə çevrilə bilər.

Əsl sual başqadır: Süni mayalanma minlərlə ailə üçün ümiddirsə, niyə bu ümid qanunsuzluq üzərində qurulmalıdır?

Bu sahə ya ciddi qanunla tənzimlənməlidir, ya da etiraf olunmalıdır ki, proses nəzarətdən çıxıb. Arada qalmaq ən təhlükəli variantdır. Çünki burada söhbət təkcə tibbdən getmir. Söhbət cəmiyyətin sabahından gedir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью