Qanunsuz tikmə ki, sökməsinlər!

11.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb

Şəhərsalma qaydalarına əməl olunması, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması təkcə şəhərin memarlıq görkəminin qorunması baxımından deyil, həm də insanların təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, bəzən müvafiq icazə sənədləri alınmadan tikinti işlərinə başlanılır. Nəticədə isə vətəndaşlar həm maddi itkilərlə, həm də hüquqi problemlərlə üzləşirlər. Halbuki sonradan xoşagəlməz vəziyyətlə qarşılaşmamaq üçün tikintiyə başlamazdan əvvəl qanunvericiliyin tələblərinə əməl etmək kifayətdir.

Gəncə şəhərində də qanunsuz tikinti hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Növbəti monitorinqlər zamanı şəhərin Cavadxan və Məhsəti qəsəbələrində, eləcə də Ə.N.Gəncəvi küçəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti işləri aşkarlanıb. Müəyyən edilmiş qanun pozuntuları ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhər ərazisində tikinti norma və qaydalarına riayət edilmədən aparılan tikintilərin müəyyənləşdirilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Məqsəd yalnız qanunsuz tikinti faktlarını aşkarlamaq deyil, həm də şəhərdə tikinti intizamını gücləndirmək, mövcud norma və qaydalara əməl olunmasını təmin etməkdir.

Bildirilib ki, Gəncə şəhəri ərazisində bu istiqamətdə monitorinqlər bundan sonra da mütəmadi davam etdiriləcək.

Bir məqamı da unutmaq olmaz: tikintiyə başlamazdan əvvəl sənədləri qaydaya salmaq sonradan yaranacaq problemləri aradan qaldırmaqdan qat-qat asandır. Elə buna görə də vətəndaşların özləri də bu məsələdə məsuliyyətli olmalıdırlar.

Axı qanunsuz tikmə ki, sonra sökməsinlər!

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью