Qanunun aliliyi hansı ölkədə necə təmin olunur? Siyahı

13.11.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünyada qanunun aliliyi göstəriciləri ardıcıl 9-cu ildir pisləşir.
Yeniavaz.com
xəbər verir ki, Dünya Ədalət Layihəsinin (World Justice Project) hazırladığı 2026-cı il Qanunun Aliliyi İndeksi 143 ölkəni əhatə edir.
143 ölkənin qiymətləndirildiyi reytinqdə Danimarka birinci, Venesuela isə sonuncu yerdə qərarlaşıb.
Qanunun Aliliyi İndeksinə əsasən, siyahıda yer alan ölkələrin 62%-də qanunun aliliyi göstəriciləri ötən illə müqayisədə pisləşib. Yalnız 38% ölkədə irəliləyiş qeydə alınıb. Bu, qlobal göstəricilərin ardıcıl 9-cu ildir geriləməsi deməkdir.
İndeks məhdudiyyətlər, korrupsiya, fundamental hüquqlar, təhlükəsizlik, tənzimləyici icraat, mülki və cinayət ədaləti daxil olmaqla 8 meyar üzrə qiymətləndirilir.
Qiymətləndirmə 0-dan 1-ə qədər balla aparılır. Balın yüksək olması ölkədə qanunun aliliyinin daha yaxşı təmin edildiyini göstərir.
Qanunun aliliyi ən yaxşı və ən pis hansı ölkələrdədir?
Reytinqdə ilk üç yeri Şimali Avropa ölkələri tutub. Danimarka 0,90 balla dünya birincisi olub. Norveç 0,89 balla ikinci, Finlandiya isə 0,87 balla üçüncü yerdə qərarlaşıb.
İlk beşliyə həmçinin İsveç (0,86 bal) və Lüksemburq (0,83 bal) daxil olub.
Əks qütbdə isə Venesuela 0,26 balla sonuncu – 143-cü yerdə qərarlaşıb. Əfqanıstan 0,31 balla 142-ci, Haiti isə 0,31 balla 141-ci olub.
Reytinqdə son beşlikdə, həmçinin Kamboca (140-cı yer) və Nikaraqua (139-cu yer) qərarlaşıb.
Hansı ölkələrdə vəziyyət daha çox pisləşib?
2026-cı il ərzində qanunun aliliyi göstəricilərində ən böyük geriləmə Haitidə qeydə alınıb. Ölkənin ümumi göstəricisi bir il ərzində 5,6% azalıb.
Ən çox geriləmə qeydə alınan 10 ölkə belədir:
Haiti – 5,6% azalma;
Tanzaniya – 3,6% azalma;
Sudan – 2,8% azalma;
Meksika – 2,7% azalma;
Kolumbiya – 2,5% azalma;
Nikaraqua – 2,5% azalma;
İran – 2,3% azalma;
İndoneziya – 2,3% azalma;
Ekvador – 2,2% azalma;
Pakistan – 2,1% azalma.
Hansı ölkələrdə yaxşılaşma qeydə alınıb?
Geriləməyə baxmayaraq, bəzi ölkələrdə müsbət dəyişikliklər də müşahidə olunub. Ən böyük irəliləyiş Latviyada qeydə alınıb. Ölkənin qanunun aliliyi üzrə ümumi göstəricisi bir il ərzində 1,6% yüksəlib.
Ən çox yaxşılaşma qeydə alınan 10 ölkə isə bunlardır:
Latviya – 1,6% artım;
Trinidad və Tobaqo – 1,2% artım;
Qvatemala – 1,1% artım;
Liberiya – 0,9% artım;
Xorvatiya – 0,9% artım;
Sent-Kits və Nevis – 0,8% artım;
Əlcəzair – 0,8% artım;
Müqəddəs Vinsent və Qrenadinlər – 0,8% artım;
Zimbabve – 0,7% artım;
Boliviya – 0,7% artım.
Dünyada qanunun aliliyi niyə zəifləyir?
Dünya Ədalət Layihəsinin məlumatına görə, qlobal geriləmənin əsas səbəbləri icra hakimiyyəti üzərində nəzarətin zəifləməsi, məhkəmələrə siyasi müdaxilə və vətəndaş azadlıqlarının məhdudlaşdırılmasıdır.
Araşdırmaya əsasən, ölkələrin 64%-də fikir və ifadə azadlığı, 67%-də sərbəst toplaşmaq və birləşmək azadlığı, 65%-də isə vətəndaşların ictimai-siyasi proseslərdə iştirakı göstəriciləri pisləşib.
Bundan başqa, ölkələrin 64%-də mülki ədalət mühakiməsi, 58%-də isə cinayət ədalət mühakiməsi sahəsində geriləmə qeydə alınıb. Məhkəmələrin hökumətin fəaliyyətinə nəzarət imkanları da ölkələrin 63%-də zəifləyib.
Keçmiş SSRİ ölkələrinin reytinqi
Keçmiş SSRİ və qonşu ölkələr arasında ən yaxşı nəticəni Estoniya göstərib. O, 0,82 balla dünya üzrə 10-cu yerdədir. Azərbaycan və Ermənistan isə indeksə daxil edilməyib.
Keçmiş SSRİ və qonşu ölkələrin indeksdəki mövqeləri belədir:
Estoniya – 0,82 bal (10-cu yer);
Litva – 0,78 bal (16-cı yer);
Latviya – 0,75 bal (19-cu yer);
Gürcüstan – 0,57 bal (55-ci yer);
Moldova – 0,53 bal (66-cı yer);
Qazaxıstan – 0,53 bal (67-ci yer);
Özbəkistan – 0,50 bal (79-cu yer);
Ukrayna – 0,49 bal (87-ci yer);
Qırğızıstan – 0,45 bal (99-cu yer);
Belarus – 0,44 bal (104-cü yer);
Türkiyə – 0,41 bal (117-ci yer);
Rusiya – 0,40 bal (121-ci yer);
İran – 0,37 bal (128-ci yer).
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью