Qapılar bağlıdır, zənglərə cavab verən yoxdur KONKRET

30.01.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Xeyli müddətdir ölkənin gündəmində olan “Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı bu gün yeni hüquqi tədbirlər görülüb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar. Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilirlər.

KONKRET.az xəbər verir ki, “Yeni Sabah”ın əməkdaşı adı tez-tez qalmaqallarla hallanan “Qurtuluş” Reablitasiya Mərkəzinin yerləşdiyi ünvana baş çəkib.

Qapılar bağlıdır, zənglərə cavab verən yoxdur

Adıçəkilən reabilitasiya mərkəzi Sumqayıt şəhəri ilə Novxanı qəsəbəsinin arasında, “Qurd dərəsi” adlanan ərazidə, sakit bir küçədə yerləşir. Açığı, “Qurtuluş”un görünüşü ilk baxışda insanda ciddi vahimə yaradır.

Mərkəzə yaxınlaşanda adamın diqqətini ilk cəlb edən nüans xeyli hündür olan hasarlardır. Divarın hündürlüyündən reablitasiya binasının özünü görmək demək olar ki, mümkün deyil. Mərkəzin qapısını açan, zənglərə cavab verən isə ümumiyyətlə yoxdur.

Qonşuların çoxu isə “Qurtuluşu” tanımır…

“Qurtuluş”la bağlı yaxınlıqda yaşayanların informasiyası da xeyli məhduddur. Əslində hündür hasarların arxasında yerləşən mərkəzin belə təəssürat yaratması heç də qəribə məqam deyil. Məni bu ünvana gətirən avtobusun sürücüsü də ilk dəfə soruşanda reabilitasiya mərkəzinin nə demək olduğunu başa düşmədi. Daha sonra “narkomanların müalicə olunduğu yer” kimi təsvir etdikdə, həmin dəqiqə ünvanı mənə tam dəqiq izah etdi.

TikTokda gördüm ki…

Qonşuluqda yaşayanlar isə reabilitasiya mərkəzinin rəhbərinin və əməkdaşların saxlanılması xəbərini “TikTok”dan eşitdiklərini dedilər. Yaxınlıqda fəaliyyət göstərən mağaza sahibinin sözlərinə görə, əvvəllər “Qurtuluş”a gediş-gəliş çox olub. Lakin son günlər sözügedən ünvanda xeyli sakitlik müşahidə ediblər:

“Vallah belə narahatedici heç nə görməmişəm. Görürsən də, divarlar xeyli hündürdü. Heç həyəti görünmür. Özümə də maraqlı olmayıb açığı. Bir-iki dəfə TikTokda gördüm ki, məşhur aparıcı Nəsimi Nəbizadə burada müalicə alır. Başqa da nəsə deyə bilmərəm”.

Mərkəzdən bir az aralıda yerləşən avtoyuma mərkəzinin işçisi isə bildirdi ki, ərazidə yaşayan sakinlərin bəziləri reabilitasiya mərkəzinin fəaliyyətindən narazılıq edib:

“Eşitdiyimə görə həmin yerdə narkomanları, “alkaşları” sağaldırlar. Elədirsə, Allah köməkləri olsun. Burada yaşayan müştərilərimdən 1-2 nəfər pisləyirdi oranı. Deyirdi insanların yaşayış yerinin yanına narkomanları yığıblar. Xəbərlərdə gördüm ki, işçilərini filan tutublar. Xəstə, aciz adamlardan sui-istifadə eləmək günahdır. Nə deyim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью