futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında I dövrə geridə qalıb. Çempionatda mübarizə sərtləşdikcə, komandaların arxa xətdəki intizamı turnir cədvəlindəki mövqelərinə təsir göstərən əsas amilə çevrilir.
Geridə qalan turların rəqəmləri göstərir ki, liqada həm qapısını toxunulmaz saxlamağı, həm də meydandakı aqressiyanı tənzimləməyi bacaran kollektivlər öndədir.
Çətin “sədlər”
Müdafiədə etibarlılığına görə turnir cədvəlində “Sabah” yenə liderliyi əldən vermir. “Futuristlər” keçirdiyi matçlarda qapısından cəmi 6 top buraxaraq çempionatın ən çətin keçilən “sədd”inə çevrilib.
Liqanın ən az qol buraxan komandalarının siyahısı belədir:
“Sabah” – 6
“Turan Tovuz” – 8
“Qarabağ” – 8
“Kəpəz” – 10
“Neftçi” – 11
Kimlər daha sərt oynayır?
Müdafiə xəttinin keyfiyyəti həm də komandanın intizamı ilə ölçülür. Cari mövsümün ilk 11 turunda futbolçulara 244 sarı və 6 qırmızı vərəqə (bunlardan 2-si ikinci sarıdandır) göstərilib.
Komandalar üzrə intizam cədvəlinə nəzər saldıqda, ən çox xəbərdarlıq alan kollektivlər diqqət çəkir:
“Araz-Naxçıvan” – 26
“Neftçi” – 25
“Turan Tovuz” – 24
“İmişli” – 24
Qırmızı vərəqələrdə də “Neftçi” antirekordçular sırasındadır. Paytaxt təmsilçisinin futbolçuları meydandan 2 dəfə qovulublar (biri ikinci sarıdan). Bundan əlavə, “Qarabağ”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “İmişli” klublarının hər birinin aktivində 1 qırmızı vərəqə var.
Fərdi müstəvidə isə “Araz-Naxçıvan”ın legioneri Mamadu Kane 6 sarı vərəqə ilə çempionatın ən nizamsız oyunçusudur. Onu 4 sarı kart ilə “Turan Tovuz”un müdafiəçisi Heyderson Hurtado izləyir.
Qırmızı vərəqə ilə cəzalandırılan oyunçuların siyahısında isə İqor Ribeyro, Elvin Bədəlov (hər ikisi “Neftçi”), Juninyo (“İmişli”), Kadi Borges (“Qarabağ”), Səbuhi Abdullazadə (“Sumqayıt”) və Ağadadaş Salyanskinin (“Araz-Naxçıvan”) adları yer alıb.
Komandaların hansı mövqedə daha çox kobudluğa yol verdiyi də aydın görünür. Bütün komandalar arasında ən çox cəzalandırılanlar məhz müdafiəçilərdir (104 sarı vərəqə). Onları 93 sarı kart ilə yarımmüdafiəçilər izləyir. Hücumçular 38, qapıçılar isə cəmi 8 dəfə referi tərəfindən xəbərdarlıq alıblar.
Ayxan Zayıdzadə