Qar ehtiyatı su balansını qoruyur: Lənkərançayda sululuq artıb

29.01.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 29 yanvar, İlkin Adıyev, AZƏRTAC

Son günlər cənub bölgəsində müşahidə olunan intensiv yağıntılardan sonra Lənkərançayda suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu vəziyyət payız və qış aylarında su anbarlarına kifayət qədər su ehtiyatının toplanmasına imkan yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarşıdakı günlərdə hava şəraiti mülayim keçərsə, dağlıq ərazilərdə toplanmış qar və buz ehtiyatlarının tədricən əriməsi nəticəsində çayda suyun həcminin daha da artacağı gözlənilir. Mövsüm ərzində dağlıq və dağətəyi ərazilərə düşən bol qar çayların qidalanmasında mühüm rol oynayıb.

Qış aylarında toplanan qar ehtiyatı yaz mövsümündə mərhələli şəkildə əriyərək çayların su balansını qoruyur, yerüstü və yeraltı su ehtiyatlarının bərpasını təmin edir. Bu isə xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlverişli şərait yaradır.

Yerli sakinlərin sözlərinə görə, son günlərdə yağan qar və yağış nəticəsində Lənkərançayda suyun səviyyəsi yarım metrdən çox yüksəlib. Bu da bağ və əkin sahələrinin suvarılmasını asanlaşdırıb, fermerlərin işini xeyli yüngülləşdirib.

Mütəxəssislər qeyd edirlər ki, yağışlarla müqayisədə qar şəklində yağıntı su ehtiyatlarının formalaşması baxımından daha yaxşıdır. Qar əsasən dağlıq ərazilərdə toplanaraq yaz-yay aylarında tədricən əriməklə çayların qidalanmasını uzunmüddətli şəkildə təmin edir. Bu proses həm kənd təsərrüfatında suvarma imkanlarını genişləndirir, həm hidroenerji istehsalında sabitliyi artırır, həm də çay ekosisteminin davamlılığını qoruyur.

Ekoloq Nazim Məmmədovun sözlərinə görə, son dövrlərdə müşahidə olunan bol yağıntılar ölkə üzrə su ehtiyatlarının bərpasında mühüm rol oynayır. Yağış və qar suları çayların, su anbarlarının və yeraltı su mənbələrinin qidalanmasını gücləndirməklə yanaşı, əhalinin içməli suya tələbatının müəyyən hissəsinin qarşılanmasına da şərait yaradır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə formalaşan qar örtüyü yaz və yay aylarında tədricən əriyərək su ehtiyatlarının davamlılığını təmin edir.

Nazim Məmmədov qeyd edir ki, bu proses kənd təsərrüfatı üçün də olduqca vacibdir. Bol su ehtiyatı əkin sahələrinin vaxtında və normal suvarılmasına imkan verir, məhsuldarlığın artmasına müsbət təsir göstərir. Fermerlər üçün su qıtlığı riskinin azalması həm iqtisadi baxımdan, həm də ərzaq təhlükəsizliyi baxımından önəmli amildir. Ekoloqun fikrincə, su ehtiyatlarının artması, eyni zamanda, hidroenerji potensialının daha səmərəli istifadəsinə, çay ekosistemlərinin qorunmasına və ümumilikdə ekoloji tarazlığın saxlanmasına xidmət edir.

“Son günlər müşahidə etdiyimiz yağıntılar su ehtiyatlarının formalaşması baxımından çox əlverişlidir. Qarın dağlıq ərazilərdə toplanması və tədricən əriməsi çayların uzunmüddətli qidalanmasını təmin edir. Bu isə həm içməli su mənbələrinin sabitliyinə, həm də kənd təsərrüfatında suvarma imkanlarının genişlənməsinə müsbət təsir göstərir. Əgər bu tendensiya davam edərsə, qarşıdakı əkin mövsümündə su qıtlığı ilə bağlı ciddi problemlərin yaşanmayacağını demək mümkündür” , - deyə Nazim Məmmədov bildirir.

Mütəxəssislər hesab edirlər ki, hazırda müşahidə olunan bu hidrometeoroloji proseslər yaz və yay aylarında ölkə ərazisində su ehtiyatlarının daha balanslı paylanmasına şərait yaradacaq, çay və su anbarlarında sululuğun sabit saxlanmasına kömək edəcək və nəticə etibarilə su çatışmazlığı riskinin əhəmiyyətli dərəcədə azalmasına mühüm töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью