Qara çörək, yoxsa rənglənmiş ağ çörək? Ekspertdən XƏBƏRDARLIQ

26.01.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkənin demək olar ki, hər yerində qara çörək satılsa da, qara unun tapılması həmişə mümkün olmur. Bu isə bazarda təqdim olunan qara çörəklərin keyfiyyəti ilə bağlı suallar yaradır.

Bəs satılan qara çörəklər həqiqətən keyfiyyətlidirmi və ağ çörəklə qara çörək arasında real fərq varmı?

Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, ağ una kəpək əlavə olunarsa, yaxud karamel rəngi qatılarsa, eləcə də az miqdarda çovdar unu əlavə edilərək məhsul “qara çörək” adı ilə satışa çıxarılarsa, bu, artıq qara unla hazırlanmış çörək hesab edilmir:

"Çünki tərkibinin əsasını yenə də ağ un təşkil edir. Bu baxımdan satışda olan belə “qara çörək”lə ağ çörək arasında ciddi bir fərq qalmır. Saxta qara çörək dadına, toxluq hissinə və qoxusuna görə də ağ çörəkdən demək olar ki, fərqlənmir. Əsas fərq tərkibdə və etiket məsələsində ortaya çıxır ki, bu da ən vacib məqamdır. Etiketdə məhsulun tərkibi dəqiq göstərilməlidir: əgər buğda unu istifadə olunubsa, buğda unu kimi qeyd edilməli, rəngləndirici qatılıbsa, bu da açıq şəkildə yazılmalıdır".

Ekspert əlavə etdi ki, təmiz qara undan danışırıqsa, bu halda onun tərkibində nə rəngləndirici, nə də buğda unu olmalıdır.

"Belə çörəyin rəngi adətən qəhvəyi-boz çalarlı olur. Həm üstü, həm də içi tünd rəngdə olur. Həqiqi qara çörəkdə sıxlıq az olur, yüngül rütubətlilik hiss edilir və asanlıqla dağılmır. Əllə sıxdıqda isə əvvəlki formasına qayıtması müşahidə olunur. Bundan əlavə, həqiqi qara çörəkdə yüngül çovdar qoxusu hiss olunur. Bəzən bu qoxu bir qədər turşuya bənzər olur, bəzən isə taxıl ətri verir. Ağ çörəklərdə isə bu xüsusiyyətlər müşahidə edilmir. Digər bir mühüm məqam da ondan ibarətdir ki, saxta qara çörək tez bir zamanda acılıq hissi yaradır. Ev şəraitində isə çörəyi bir qədər suya salmaqla onun rənginin süni olub-olmadığını müşahidə etmək mümkündür", - deyə müsahibimiz qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью