Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkəmizdə

22.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Beynəlxalq qurum layihələrimizə 700 milyon avro vəsait ayıracaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) bu il sentyabrın 30-na Azərbaycanda ümumi məbləği 450 milyon 946 min avro olan 47 layihənin maliyyələşdirilməsi üzrə sazişlər imzalayıb. Bankın açıqlamasına əsasən, ölkəmizdə 42 əməliyyat çərçivəsində maliyyələşdirməyə yönəldilən vəsaitlərin faktiki həcmi 711 milyon 819 min avro olaraq qiymətləndirilir.

Bununla yanaşı, QDTİB-in Direktorlar Şurası sentyabrın sonuna kimi Azərbaycanda ümumi məbləği 453 milyon 802 min avro olan layihələri təsdiqləyib. Qurumun hesabatına əsasən, ölkəmizdə imzalanmış layihələr portfelində ən böyük pay maliyyə sektorunu əhatə edir – 169 milyon 670 min avro və ya 50,28 faiz.

Energetika layihələrinin payına 118 milyon 89 min avro (35,23 faiz), daşınmaz əmlak sektorunun payına isə 23 milyon 337 min avro (6,92 faiz) düşür. Bankın ölkəmizdəki layihələr portfelinin qalan 13 milyon 21 min avrosu (3,91 faiz) ilkin tələbat malları ilə bağlı layihələri, 12 milyon 329 min avrosu (3,65 faiz) isə seçmə tələbat mallarını əhatə edir.

QDTİB-in ölkəmizdəki böyük layihələri sırasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsini, “Bank Respublika” ASC üçün 25 milyon manatlıq kredit xətlərini, eləcə də “Unibank” ASC vasitəsilə 7 milyon ABŞ dolları və “Azər-Türk Bank” ASC vasitəsilə 5 milyon dollar məbləğində maliyyə sektoruna göstərilən dəstəyi qeyd etmək olar.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında ticarəti, investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləyən beynəlxalq maliyyə qurumu olan QDTİB 1997-ci il yanvarın 24-də yaradılıb. 1999-cu ildə fəaliyyətə başlayan bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Hazırda nizamnamə kapitalı, təxminən 3,45 milyard avro təşkil edən Qara Dəniz Ticarət və İnkişaf Bankına üzv ölkələri Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan, Rumıniya, Bolqarıstan, Moldova, Albaniya və Ermənistandır.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью