QARA DƏNİZDƏ TƏHLÜKƏ: Azərbaycan üçün RİSK var?

01.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qara dəniz hövzəsində təhlükəsizlik risklərinin artması Azərbaycan üçün arzuolunan deyil. Bu vəziyyət yalnız enerji layihələrinə deyil, eyni zamanda tranzit və loqistika imkanlarına da mənfi təsir göstərir. Qara dəniz Azərbaycanın idxal marşrutu üzərində əsas nəqliyyat infrastrukturunu təşkil etdiyi üçün buradakı gərginlik ölkəyə gətirilən məhsulların bahalaşmasına, dəyər zəncirində fasilələrin yaranmasına və nəticədə qıtlıq təzyiqlərinə yol aça bilər".

Bu fikirləri iqtisadçı-ekspert Rəşad Həsənov Qara dənizdə təhlükəsizlik risklərinin artmasının Azərbaycanın enerji, tranzit layihələrinə və Orta Dəhlizə təsirindən Bakıvaxtı.az-a danışarkən deyib.

O, bildirib ki, mövcud gərginlik Azərbaycanın enerji sektoru, xüsusən də orta müddətli dövrdə Avropa bazarlarına ixracı planlaşdırılan "yaşıl enerji" layihələri üçün də risklər formalaşdırır.

Ekspertin sözlərinə görə, gərginliyin dərinləşməsi maliyyə xərclərinin kəskin artması ilə nəticələnə bilər:

“Təhlükəsizlik riskləri bir neçə istiqamətdə əlavə xərclər yaradır. Birincisi, alternativ marşrutlara yönəlmə səbəbindən yaranan xərclər, ikincisi isə sığorta haqqının artmasıdır. Bu amillər mal və xidmətlərin axınında qiymət artımına, layihə xərclərinin yüksəlməsinə gətirib çıxarır”.

Məsələyə Orta Dəhliz və Avropa–Mərkəzi Asiya bağlantıları kontekstindən yanaşan Rəşad Həsənov qeyd edib ki, Gürcüstan marşrutu riskli olarsa, daşımalar daha çox Türkiyə üzərindən həyata keçirilə bilər:

“Burada iki ana problem ortaya çıxır. Birincisi, Türkiyənin mövcud nəqliyyat infrastrukturu artan tələbatı tam qarşılamaq üçün hələ hazır deyil və infrastruktur layihələri tamamlanmayıb. Bu da Orta Dəhlizin potensialından tam istifadəyə məhdudiyyət yaradır. İkincisi, Türkiyə xətti boyunca yükdaşıma zaman sərfiyyatı və əlavə itkilər deməkdir. Bu da Orta Dəhlizin cəlbediciliyini azalda bilər”.

İqtisadçı vurğulayıb ki, bu ssenarilər risklərin daha da kəskinləşəcəyi hal üçün keçərlidir. Mövcud şəraitdə isə qısamüddətli dövrdə risklərin aradan qalxacağı və prosesin sabitləşəcəyi gözlənilir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью