Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanlı bəstəkar və musiqiçi Qara Dərviş Türkiyədə keçirdiyi konsertlərdən sonra təcili Bakıya qayıdıb.
Qaynarinfo xəbər verir ki, sənətçinin payızda turneləri davam edəcək, amma indi Bakıya qayıtmağa qərar verib. Buna səbəb isə Qara Dərvişin şah əsərlərindən olan "Yorğun" olub.
Əsər Xalq artisti Flora Kərimovanın ifasında yeni formada təqdim olunacaq.
DC SOUNDS (Darvish Creative Sounds) komandasının verdiyi məlumata görə, Flora Kərimovanın “Yorğun” əsərinə olan sevgisi və bəstəyə münasibəti onun duet formatında yenidən işlənməsinə səbəb olub. Yeni layihənin müxtəlif nəsillər arasında musiqi vasitəsilə dialoq yaratması nəzərdə tutulur.
Qara Dərviş Flora Kərimova ilə uzun illərdir musiqinin müxtəlif sahələrində əməkdaşlıq etdiyini bildirib:
"Yorğun”u 10 il öncə ərsəyə gətirəndə məqsədim dinləyicinin ruhsal ehtiyaclarına şərik olmaq idi. İndi isə məhz “Yorğun” əsəri ilə Flora xanımın duyğularına ortaq olmaq mənim üçün böyük məsuliyyət və qürur mənbəyidir”.
Hazırda Bakıda “Yorğun” mahnısının klipi üzərində çəkilişlər davam edir. Layihənin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Qara Dərviş oktyabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında ilk dəfə klassik konsert proqramı ilə çıxış edəcək. Əsərin təqdimatı və Bakı konsertindən sonra sənətçi Türkiyəyə qayıdaraq payız turnelərini davam etdirəcək.