Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Herman Melvillin “Mobi Dik, yaxud Ağ balina” romanı haqqında
əvvəli ötən sayımızda
Əgər xristian əxlaqına sadiq baş köməkçi Starbek matrosların sağ-salamat evlərinə, doğmalarının yanına qayıtmağının qeydinə qalırsa, ikinci köməkçi Stabbın belə bir dərdi-azarı yoxdur, o, taleyin əvəzinə qərar verməyə, özü, ya başqaları sarıdan qayğılanmağa həvəsli deyil. Starbek kimi kapitanı nəyəsə inandırmağa, ağlı azmış Axavı sağlam mühakiməyə çağırmağa da çalışmır. Starbek isə kapitanla mübahisəyə girişən, onu doğru yola qaytarmağa cəhd göstərən tək heyət üzvüdür, başqalarına nisbətdə buna onun vəzifəsi də imkan verir. Bununla belə həm xarakteri, həm də aldığı tərbiyə Starbeki böyüyün üzünə ağ olmağa, kapitanı aradan götürüb onun səlahiyyətlərini ələ keçirməyə, şərə mübtəla olmuş çılğın bir qocanın qanına əl bulamağa qoymur. Dini ehkama sədaqət, borc hissi Starbekin sağlam məntiqini üstələyir, bu da sonda hamının fəlakətinə aparıb çıxarır. Kapitanın göyə tuşlanmış intiqam toplarının gurultusu ayıq-sayıq ağlın, oyaq vicdanın səsini həmişəlik batırır.
Romanda Axavın daha bir antipodu Kokoko adasında məskunlaşmış qəbilə başçısının oğlu, vəhşi, bakirə təbiətin bağrından qopmuş, sivilizasiyanın yalanına, məkrinə, riyasına bulaşmamış usta nişançı, mərd, dürüst Kvikeqdir. Bədəni başdan-başa mifik-rəmzi rəsmlərlə örtülü bu qoçaq oğlan hələ bəşər təfəkkürünün əsatiri mərhələsində yaşayır. Dini tərbiyə almış insanların mövhumi düşüncəsi, xurafat vəsvəsəsi Kvikeqə hələ yaddır, onlara baxanda onun beyni ağ vərəqdir. Öz bütünə tapınsa da, Kvikeq başqalarının inancına sayğı duyur, xristian olmasa da, xristianlardan daha saf, daha cəsur, daha mömindir. Düzdür, Kvikeqin saflığı hələ ibtidai mərhələdədir, bu təmizlik, doğruluq sivilizasiya mühitində hələ çox sınaqdan keçəcək - unutmaq olmaz ki, bu “sivil” insanların əcdadları da haçansa Kvikeqin qəbiləsinin yaşadığı zamanda yaşayıblar. Hər nədirsə, adamyeyən tayfanın yetirməsi Kvikeq adam öldürməyin yasaq olduğuna inanan hər cür insanın toplaşdığı gəmidə hamıdan etibarlıdır, ona arxa çevirmək, çiyin söykəmək qorxulu deyil. Bu cəhətlərinə görə İzmail tez bir zamanda Kvikeqlə dostlaşır, yad mühitdə onun bələdçisinə çevrilir. İzmail cəmiyyətin, Kvikeq təbiətin yetirməsidir; İzmail Kvikeqin ruhu, Kvikeq İzmailin cismidir, ikisinin dostluğu ruhla bədənin izdivacıdır.
***
Günün birində Kvikeq bərk xəstələnir, ölümünün yaxınlaşdığını duyub xarrata özü üçün sukeçirməz tabut sifariş verir, elə bir tabut ki, onun cəsədini qayıq kimi dalğaların üstüylə uzaq üfüqlərə doğru aparıb öz ulduzuna qovuşdursun. Xarrat onun enini-boyunu ölçüb sifarişi yerinə yetirir. Bir müddət sonra heç gözlənmədən Kvikeqin vəziyyəti yaxşılaşmağa başlayır, onda dostlar qərara gəlirlər ki, tabutu yaxşıca qırlayıb bəd ayaqda ondan xilasedici üzgəc kimi istifadə eləsinlər.
Kapitan Axav əsl ovçu instinktiylə Mobi Dikin haradasa yaxınlarda üzdüyünü duymağa başlayır. Bu vaxt onlar “Rahil” adlı başqa bir balıqçı gəmisiylə qarşılaşırlar. Hər iki gəminin kapitanı arasında fikir, məlumat mübadiləsi aparılır. Bəlli olur ki, “Rahil” də ağ balinanın izinə düşübmüş, ancaq bir gün əvvəlki ov zamanı onların qayığı ovçular qarışıq itkin düşüb, itkinlərin arasında kapitanın on iki yaşlı oğlu da var. “Rahil”in kapitanı Axava yalvarıb itənlərin tapılması üçün ondan kömək diləyir, ancaq heç kimin gözləmədiyi halda “Pekod” rəhbərinin qəti etirazıyla qarşılaşır. Axav bütün yazılmış-yazılmamış qanunları pozub zavallı ataya yardım əli uzatmır, bununla da hər iki gəminin heyətini heyrətə gətirir. “Rahil”in kapitanı yalvara-yalvara qalır, axırda səbrini itirib “Pekod”u da, onun başçısını da lənətləyir. Di gəl, Axav heç cür insafa gəlmir, çünki ləngisə, Mobi Diki əldən qaçıra bilər. İndi artıq o, ağ balinanın hansı koordinatlarda üzdüyünü aydın təsəvvür eləyir.
Yaponiya sahillərində Mobi Diki ilk görən də elə Axav özü olur. “Pekod” üç gün üç gecə ağ balinanı izləyir. Mobi Dik özünü həm kinli, həm də hiyləgər aparır, hiss olunur ki, insanların əlindən artıq cana doyub. Axav başda olmaqla ovçular üç qayıqla okeana enib ağ balinaya sarı üzürlər. Mobi Dik qayıqlardan ikisini dərhal batırır, sonra tarana gedib özünü “Pekod”a çırpır. Gəminin altında dəlik açılır, “Pekod” batmağa başlayır. Nifrətin, çılğınlığın son həddinə çatmış Axav özü nizəylə ağ balinaya hücum çəkir. Bıçaq Mobi Dikin gövdəsinə sancılsa da, nizəyə calaqlı kəndir kapitanın boğazına dolanır, ağ balina Axavı qayıq qarışıq çəkib özüylə suyun dibinə aparır. Beləcə, ovçu ova, dəniz dibsiz bir məzara çevrilir. Hikkəsindən qan daman kapitan Axav fələyin elçisi, ana təbiətin maskası ağ balinaya meydan oxumaqla əcəl kəndirini boynuna dolayır, faktiki intihara, tarana gedir.
Bütöv bir gəmini heyəti qarışıq burulğana salıb kamına çəkən dəryadan tək İzmail salamat qurtulur, Kvikeqin ulduzlara səfər üçün sifariş verdiyi tabut dünyanı görməkdən ötrü okeana çıxmış gənci xilas eləyir.
***
O qədər peşəkar dənizçinin, mahir üzgüçünün, təcrübəli ovçunun arasından yalnız bu işlərdə səriştəsi olmayan, okeanın, balığın dilini bilməyən İzmaili dəryada qurulmuş qiyamət tamaşasından sağ çıxarmaqla yazıçı bizə nə demək istəyir? Məncə, əsərin oxucuya verdiyi mesaj elə də qəliz deyil; müəllif obrazların, süjetin, kompozisiyanın diliylə bizə deyir ki, fələklə boğuşmağın faydası yoxdur, gec-tez onsuz da uduzub həyat adlı bu dəryanın dibinə qərq olacaqsan. Hikkə, tamah, ehtiras, nifrət, qorxu, mövhumat - bunlar hamısı cana yükdür, əzələləri qırılma həddinəcən gərir, qanı palçıq kimi qatılaşdırır, sinirləri qara-qura enerjiylə yükləyib çirkləndirir. Bütün bunlar gövdəni ağırlaşdırıb adamı dənizin (yəni həyatın) dibinə doğru çəkir. Batmaq istəmirsənsə, İzmail kimi tabutun qoltuğunda yaşamalısan, canındakı dünyagirlik həvəsini cilovlayıb ölməmişdən ölməlisən, Şopenhauerin yaşamaq iradəsini, böyük filosofun məsləhət gördüyü kimi, insana, cəmi məxluqata mərhəmətlə, zöhdlə, askezayla, incəsənətin ağrıkəsici həbləriylə susdurub həyata, varlığa seyrçi mövqedən baxmalısan. Onda sinirlərin mənəvi enerjiylə yüklənəcək, gövdən saman kimi yüngülləşəcək, okeanın cazibəsi səni batıra bilməyəcək. Onda zamandan lövbər alıb ölənləri əbədi zamansızlığa uğurlayan “səssiz gəmi” (Yahya Kamal Bayatlı) səni xilas eləyəcək, torpağın ağzına yem aparan “taxta qaşıq”da (Salam Sarvan) sənə həyat iksiri içiriləcək, hamını ölümünə daşıyan tabut səni ölümdən qurtaracaq.
Axava elə gəlirdi şərlə savaşır. Nifrətdən ağlı qıc olmuş kapitan anlamırdı ki, hikkədən, kindən yoğrulu varlığı vur-tut şərin kiçicik bir alətidir, Tanrının əli sandığı qüdrətli əlləri ayrı bir şey yox, dəstəyi fələyin əlində olan “bir bıçağın tiyəsi”dir (Ramiz Rövşən); bilmirdi ki, ömrünü fələyin qumarına girov qoyub, düşməni saydığı ağ balina onu kor ehtirasının qırılmaz kəndiriylə özünə bənd eləyib; qanmırdı ki, Mobi Dik onun bütün vücudunu arzuları, istəkləri, xəyalları qarışıq mənimsəyib öz köləsinə çevirib, nifrət bəslədiyi şüursuz məxluq əslində onu idarə eləyir, okeanı çalxalayan quyruğunda qurbanını oyuncaq kimi oynadır.
Oynatdı-oynatdı, axırda da oyuncağını yedəyinə alıb dəryanın dibinə baş vurdu. Bundan sonra dəli kapitanın doymuş vücudu balıqların qiyamətinə qədər ən böyük düşmənindən, qaranlıq ölümün, zülmət həyatın, qara fələyin ağ maskasından ayrılmayacaq...
F.Uğurlu