“Qara zolaq”dan çıxdığımızı düşünürdük” Həşimov

21.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Doğma meydanda “Qəbələ”yə məğlub olan (0:2) “Şəfa”nın baş məşqçisi Zaur Həşimov qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:

– Axşamınız xeyir. Oyunla bağlı ətraflı danışmağa ehtiyac yoxdur. 59-cu dəqiqədə qol vurulana qədər demək olar ki, rəqibin real epizodu yox idi. Lakin ilk fürsətdən istifadə edib hesabı açdılar. Bundan sonra irəli atılacağımız və rəqibin əks-hücumlarda oynayacağı gözlənilən idi. Məhz belə epizodların birində yol verdiyimiz kritik səhvdən sonra ikinci qolu vurdular və qələbə qazandılar. Açığı, artıq “qara zolaq”dan çıxdığımızı düşünürdük, amma bugünkü məğlubiyyət üzərimizdəki təzyiqi və gərginliyi daha da artırdı.

– Komandanı bu çətin vəziyyətdən çıxarmaq üçün hansı addımlar atılmalıdır?

– Ümumi addımlardan əlavə onu deyim ki, şikayət etməyi sevmirəm, amma görürsünüz ki, bu gün hücumçu mövqeyində konkret çətinliklərimiz var. Komandada yeganə nominal hücumçu Filip idi. Lakin o  da gələndən sonra ciddi zədə aldı və altı ay müddətinə yaşıl meydanlardan uzaq qaldı. Əlimizdən gələni edirik ki, bu vəziyyətdən çıxaq. Bu gün bütün məsuliyyəti öz üzərimə götürürəm, amma bu işdə tək olmamalıyam. Bu vəziyyətdən çıxmaq üçün həm rəhbərlik, həm futbolçular, həm də mən kollektiv şəkildə konkret addımlar atmalıyıq.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью