Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” bu mövsüm avrokubokların Liqa mərhələsində olmayacaq. Dünən gecə “Tvente”dən alınan məğlubiyyətdən sonra bu acı həqiqəti qəbul etməli olduq. Məğlubiyyətin səbəbləri haqda uzun-uzadı danışmaq, yazmaq olar. Ağzı olanın danışdığı, telefonu olanın “status-şərh” yazıb, “Qarabağ”ı qınadığı məmləkətdə bundan asan heç nə yoxdur. Ona görə də mən bu işlə məşğul olmağa çox da həvəsli deyiləm.
Olanlar keçmişdə qaldı, onu araşdırmaq səhvlərdən nəticə çıxarıb, onları bir daha təkrarlamamaq baxımından vacibdir. Amma keçmişin üzərində çox da dayanmaq, günahkar axtarışına çıxmaq indiki məqamda çox da fayda gətirməyəcək. Dünən axşam üzücü məğlubiyyətdən sonra Qurban Qurbanov da harda səhvə yol verdiklərini etiraf etdi. Xüsusən də transferlərin gecikməsi məsələsində Qurban bəylə həmfikir olmamaq mümkün deyil. Heyət seçimi bir az da geniş olsaydı, “Tvente” ilə görüşün son dəqiqələri bizim üçün o qədər ağır keçməyəcəkdi.
Bundan sonra “Qarabağ” neynəməldir? Yenə səs-küydən qulaq tutulur. Kimisi məşqçi dəyişikliyindən, kimisi də hansısa mücərrəd “siyasət oyunu”nun bitdiyindən danışır. Bəzən qarşımıza elə şeylər çıxır ki, lap adamı gülmək tutur. İşin əslində isə faciəvi heç nə baş verməyib. Ardıcıl 12 il avrokubokların qrup və liqa mərhələsində Azərbaycan futbolunu uğurla təmsil etmiş, ötən mövsüm Çempionlar Liqasında fantastik çıxış edib, pley-off oynamış “Qarabağ” bu dəfə həmin uğurun bir addımlığında dayanıb. Onun kimi neçə-neçə komanda oxşar taleyi yaşayıb. İndi onları da asıb-kəsmək lazımdırsa, bir-bir başlayaq.
“Trabzonspor” Məhəmməd Salahı 7 milyon avro imza pulu, 10 milyon avro illik maaşla heyətində qatıb. Misirli futbolçu Trabzon təmsilçisinə 17 milyon avroya, təxminən 34 milyon manata başa gəlib. Araşdırsaq, “Qarabağ”ın heç ümumi transfer büdcəsi o qədər deyil. Həmin “Trabzonspor” dünən axşam Macarıstanda “Ferentsvaroş”a 0:4 hesabıyla məğlub oldu. Ümimilikdə isə “Trabzonspor” macarlardan beş cavabsız qol buraxdı. Oyundan sonra Fatih Təkkə istefa verdi və dünən gecə bütün Türkiyə bu istefanı müzakirə etdi, məğlubiyyət unuduldu. Sonra da klub açıqlama yayıb çalışdırıcının postunda qalacağını bildirdi.
Bunun adı “istefa şousu”dur. Belə şoularla əsas hədəfdən yayınıb, rəhbərliyi və məğlubiyyətdə günahı olanları sudan quru çıxarırlar. Sevinirəm ki, “Qarabağ” bu cür ucuz işlərlə məşğul olmur. Rəhbərlik də çətin məqamda Qurbanovun arxasında durur. “Trabzonspor”un başına gələnlər həm də onu göstərir ki, milyonluq transferlər belə heç də həmişə komandanı qələbələrə, böyük uğurlara aparmır. Hətta 17 milyon avro xərcləyib, 0:4 hesabıyla məğlub ola bilərsən. Bütün bunlara hazır olmaq, onları futbolun bir parçası kimi qəbul etmək lazımdır.
Dünən axşamkı mətbuat konfransında Qurban Qurbanova “Qalatasaray”ı xatırlatdım. 2021/22-ci il mövsümündə Super Liqada 13-cü olan “Qalatasaray” böhran vəziyyətini elə düzgün idarə etdi ki, ardıcıl 4 il Türkiyə çempionluğunu qazandı. Deməli, sabitlik həm də uğurun açarıdır. 12 illik uğurlu avrokubok mövsümündən sonra “Qarabağ”ın başına gələnlər də buna bənzəyir. “Qarabağ” səhnədən müvəqqəti geri çəkilib. Onun möhtəşəm qayıdışını gözləməyə dəyər. Şəxsən mən buna inanıram.
Amal Abuşov