Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Qarabağ” futbol komandasının Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionu olmuş Renatu Sançeşi transfer etmək istədiyi barədə iddialar yayılıb.
Məlumata görə, hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçi karyerasını bərpa etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razıdır. Bildirilir ki, Ağdam klubu futbolçuya illik 450 000 avro (857 385 manat) maaş təklif edib və Sançes də “Qarabağ”da çıxış etmək variantına müsbət yanaşır.
Məsələ ilə bağlı İdman.Biz “Qarabağ”ın mətbuat xidmətinə müraciət edib.
Klubdan bildirilib ki, Renatu Sançesin transferi ilə bağlı yayılan məlumatlar doğru deyil.
“Renatu Sançesin transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Hər hansı rəsmi yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə klubun rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Renatu Sançeş 2016-cı ildə Avropanın ən yaxşı gənc futbolçusu seçilərək “Golden Boy” mükafatını qazanıb. O, karyerası ərzində Portuqaliyanın “Benfika”, Almaniyanın “Bavariya”, Fransanın “Lill” və PSJ, eləcə də icarə əsasında Uelsin “Suonsi”, İtaliyanın “Roma” və Yunanıstanın “Panatinaikos” komandalarının formasını geyinib. Lakin tez-tez zədələnməsi onun karyerasının sabit və istənilən səviyyədə davam etməsinə mane olub.