futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ” Misli Premyer Liqasının XXVI turunda autsayder “Karvan-Yevlax”ı darmadağın edib – 7:0.
Oyundan öncə proqnozlaşdırıldığı kimi rahat qələbə qazanan “atlılar” liqanın sonuncusu qarşısında çətinlik çəkmədi. İlk hissədə vurduğu ardıcıl qollarla oyunun taleyini həll edən Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsini qazanıb.
Rahat hücumlar təşkil edən, qısa və bəzən də uzun ötürmələrdə qol şansları yaradan “Qarabağ” bəlkə də, bu “futbol ili”ndə ilk dəfə şanslarından bu qədər maksimum yararlanmağı bacardı. Rəqib müdafiəsinin kobud səhvlərini də qeyd etmək yerinə düşər. “Karvan-Yevlax” son çempion qarşısında məhəllə komandası təsirini bağışlayırdı.
Autsayder “Karvan-Yevlax” 11-ci sırada yer alan “Qəbələ”dən 11 xal geri qalır. Qarşıda 7 tur var və yevlaxlıların bu fərqi bağlayacağı inandırıcı görünmür. Komandanın sərgilədiyi oyun ümid vermir. “Qarabağ”la matçda alınan böyükhesablı məğlubiyyət bölgə klubu üçün əlavə zərbə oldu. Oyuna baxsaq, artıq autsayderin də taleyi ilə barışdığını demək olar. Heyət baxımından “Qəbələ” və “Kəpəz”dən geri qalan “Karvan-Yevlax”ın liqada qalması üçün artıq möcüzəyə ehtiyacı var.
Şahin Cəfərov