Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Doğma yurda qayıdanların məskunlaşması fəal məşğulluqla tamamlanır
Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın qurulması iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və sosial xidmətlərin əlçatanlığının artırılması ilə müşayiət olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yaşayış məntəqələrində yeni həyat formalaşır.
Doğma yurdlarına qayıdan insanların rahat yaşayışının təmin edilməsi ilə yanaşı, onların məşğulluq imkanlarının genişləndirilməsi, iqtisadi fəallığının yüksəldilməsi və sosial rifahının yaxşılaşdırılması da əsas prioritetlər sırasındadır. Böyük Qayıdışın uğuru yalnız insanların doğma torpaqlarına qayıtması ilə deyil, həm də burada daimi yaşayış üçün zəruri şəraitin yaradılması, sabit gəlir mənbələrinin formalaşdırılması və sosial xidmətlərə çıxış imkanlarının təmin edilməsi ilə ölçülür. Bu baxımdan əhalinin məşğulluğunun təmin olunması, peşə hazırlığına cəlb edilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sosial müdafiə tədbirlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov XQ-yə bildirdi ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz dönüşünü əhatə edən Böyük Qayıdış prosesinin ən mühüm sütunlarından biri həmin ərazilərdə məşğulluğun, sahibkarlığın və sosial rifahın bərpasıdır. Azad olunmuş şəhər və kəndlərdə məskunlaşan vətəndaşlarımız üçün yeni iş yerlərinin açılması, peşə təlimlərinin təşkil olunması və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların ata-baba yurdlarında daimi və firavan yaşamasına zəmin yaradır.
Öyrəndik ki, bu məqsədlə işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi prosesində vətəndaşların dayanıqlı məşğulluq imkanları ilə təmin olunması və sosial rifahının yüksəldilməsi üçün kompleks proqramlar icra edilir, onların əmək bazarına inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sakinlər hələ köçürülməzdən əvvəl Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə görüşür, onların peşə və bacarıqları, əmək təcrübəsi və məşğulluq imkanları qiymətləndirilir. Bu yanaşma doğma yurda qayıtdıqdan sonra insanların uyğun iş yerlərinə və aktiv məşğulluq proqramlarına yönləndirilməsinə şərait yaradır.
Sakinlərin mövcud vakansiyalar üzrə işlə təmin olunması, özünüməşğulluq proqramına cəlb edilməsi, əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi mexanizminin tətbiqi, peşə hazırlığı kurslarının təşkili və əmək yarmarkalarının keçirilməsi doğma yurda qayıtmış insanların məskunlaşmasında və məşğulluğunda önəmli rol oynayır. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş iqtisadi fəal şəxslərin 12,2 mindən çoxunun artıq məşğulluğu təmin edilib. Bu nəticə ərazilərdə yeni iqtisadi mühitin formalaşması ilə yanaşı, əhalinin əmək fəaliyyətinə cəlb olunmasının da diqqət mərkəzində saxlanıldığını göstərir. Qarşıda duran əsas vəzifə əldə olunan nəticələri davamlı məşğulluq imkanları ilə möhkəmləndirmək, sakinlərin bilik və bacarıqlarına uyğun iş yerlərinə çıxışını genişləndirməkdir.
İnsanların fərdi təsərrüfat qurması, kiçik biznesə başlaması və öz gəlir mənbəyini yaratması həm ailələrin rifahına, həm də yerli iqtisadiyyatın canlanmasına müsbət təsir göstərir. Özünüməşğulluq proqramı çərçivəsində sakinlərə istehsal, xidmət, kənd təsərrüfatı və digər fəaliyyət sahələrində kiçik biznes qurmaq üçün müvafiq aktivlər və avadanlıqlar təqdim edilir. İndiyədək doğma yurdlarına qayıdan sakinlərdən 1060-dan çoxu bu proqram vasitəsilə kiçik biznes sahələri yaradıb.
Bu təşəbbüslər insanların gəlir imkanlarının genişlənməsinə, sahibkarlıq bacarıqlarının inkişafına və yerli iqtisadi münasibətlərin formalaşmasına xidmət edir. Xüsusilə kənd təsərrüfatı, məişət və digər xidmət sahələrində fərdi fəaliyyət imkanlarının genişləndirilməsi böyük potensiala malikdir.
Ərazilərin təbii və iqtisadi imkanlarından səmərəli istifadə edilməsi, yerli tələbatın ödənilməsi və yeni xidmətlərin təşkili kiçik sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan özünüməşğulluq proqramı yalnız maddi dəstək mexanizmi deyil, həm də insanların iqtisadi müstəqilliyinin gücləndirilməsi vasitəsidir.
Məşğulluğun təmin olunmasında əmək yarmarkaları da mühüm rol oynayır. Belə ki, işaxtaranlarla işəgötürənlər arasında birbaşa ünsiyyət sakinlərə vakansiyalarla tanış olmaq, peşə bacarıqlarını təqdim etmək və əmək bazarının tələbləri barədə məlumat almaq imkanı verir. Dövlət Məşğulluq Agentliyi azad edilmiş ərazilərə köçürülən sakinlər üçün indiyədək 40-dan çox əmək yarmarkası təşkil edib.
Böyük Qayıdış prosesində insan kapitalının inkişafı və yerli əmək ehtiyatlarının hazırlanması da əsas prioritetlərdəndir. Qarabağ və Şərqi Zəngəzurda tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi, turizmin inkişafı, kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi və yeni müəssisələrin yaradılması müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbat formalaşdırır.
Məlumata görə, azad edilmiş ərazilərə köçürülən sakinlərdən 600-dən çoxu kənd təsərrüfatı, tikinti, turizm, sənaye və digər sahələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Təlimləri başa vuran şəxslər, azad edilmiş ərazilərdə işləyən mütəxəssislər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmlərinin tətbiqi də məşğulluq siyasətinin mühüm istiqamətlərindəndir. Müəyyən edilmiş şərtlərə uyğun olaraq həmin ərazilərdə çalışan mütəxəssislər 600 manat məbləğində birdəfəlik müavinət, hər il 5 gün əlavə məzuniyyət və aylıq vəzifə maaşına əlavələr əldə edirlər. Bununla yanaşı, işəgötürənin işçi üçün ödədiyi sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması mexanizmi də həyata keçirilir.
Bu tədbirlər işğaldan azad edilmiş ərazilərə işçi qüvvəsinin cəlb olunmasına, müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasının təşviqinə yönəlib. Mütəxəssislər üçün yaradılan əlavə imkanlar onların həmin ərazilərdə işləməyə marağının artmasına, işəgötürənlər üçün nəzərdə tutulan dəstək isə əmək münasibətlərinin inkişafına kömək edir.
Böyük Qayıdışın mühüm tərəflərindən biri də sosial xidmətlərin əlçatanlığının təmin olunmasıdır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən sosial islahatlar çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST xidmətləri şəbəkəsinin ölkə üzrə genişləndirilməsi Qarabağ və Şərqi Zəngəzuru da əhatə edir.
DOST infrastrukturu sakinlərin əmək, məşğulluq və sosial təminat məsələlərinin həllinə dəstək göstərən mühüm xidmət platformasıdır. Vətəndaşlara “bir pəncərə” prinsipi əsasında operativ, şəffaf və əlçatan xidmətlərin təqdim olunması dövlət xidmətlərindən istifadənin asanlaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına imkan yaradır.
Bu istiqamətdə ilk addımlardan biri 2022-ci ilin mayında Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsinin fəaliyyətə başlaması olub. 2023-cü ilin avqustunda Qarabağ Regional DOST Mərkəzi, 2024-cü ilin iyulunda həmin mərkəzin Şuşa filialı açılıb. Ötən ilin avqustunda Kəlbəcər DOST məntəqəsi, həmin ilin noyabrında isə Füzuli DOST məntəqəsi istifadəyə verilib.
Nazirlikdən aldığmız məlumatda o da qeyd edilir ki, DOST şəbəkəsi azad edilmiş ərazilərdə sosial infrastrukturun inkişafının mühüm istiqamətlərindən birinə çevrilib. Bu mərkəz və məntəqələr yalnız doğma yurdlarına qayıdan sakinlərə deyil, eyni zamanda, bərpa və quruculuq işlərində çalışan şəxslərə də xidmət göstərir. Müraciət edənlərin ölkənin hansı rayon və ya şəhərində qeydiyyatda olmasından asılı olmayaraq, müvafiq dövlət sosial xidmətlərindən yararlanması üçün vahid platforma üzərindən imkan yaradılır.
Qarabağ və Şərqi Zəngəzurda sosial xidmətlərin genişləndirilməsi insanların gündəlik ehtiyaclarının qarşılanması, əmək və sosial təminat məsələlərinin həlli, eləcə də dövlət xidmətlərinə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Çünki yeni yaşayış məntəqələrinin salınması və müasir infrastrukturun yaradılması ilə yanaşı, həmin ərazilərdə insanların rahat həyat sürməsi üçün sosial mühitin də formalaşdırılması vacibdir.
Ümumilikdə, Böyük Qayıdış çərçivəsində məşğulluğun təmin edilməsi, özünüməşğulluq imkanlarının genişləndirilməsi, peşə hazırlığının təşkili və sosial xidmətlərin əlçatanlığının artırılması vahid məqsədə – doğma torpaqlarda dayanıqlı yaşayışın təmin olunmasına xidmət edir. İnsanların işlə təmin olunması, öz gəlir mənbəyini yaratması və sosial müdafiə imkanlarından yararlanması onların yeni yaşayış məntəqələrinə inteqrasiyasını sürətləndirən əsas amillərdəndir.
Böyük Qayıdışla bağlı hesabatdan göründüyü kimi, ilkin nəticələri insanların yalnız doğma torpaqlarına qayıtması ilə deyil, burada işləməsi, ailəsinin rifahını təmin etməsi, iqtisadi və ictimai həyatda fəal iştirakı ilə də formalaşır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda məşğulluq və sosial təminat sahəsində həyata keçirilən tədbirlər yeni həyatın möhkəm təməllər üzərində qurulmasına, ərazilərin iqtisadi potensialının reallaşdırılmasına və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verir.
Mustafa KAMAL
XQ