“Qarabağ” Enfild də mümkünsüzü bacara bilər Etibar İbrahimov

28.01.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gecə Bakı vaxtı ilə saat 00:00-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində “Qarabağ” İngiltərədə “Liverpul”la qarşılaşacaq.

"Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün bizi həqiqətən də çox maraqlı oyun gözləyir:

"Həm “Liverpul”, həm də “Qarabağ” mümkün qədər ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Xüsusilə qeyd etmək lazımdır ki, bu qarşılaşmada “Qarabağ” üzərində ciddi təzyiq yoxdur. Düşünürəm ki, komanda artıq bir sınaq mərhələsini adlayıb. Belə demək mümkünsə, səkkiz oyun ərzində “Qarabağ” ən yaxşı oyunlarından birini məhz bu matçda nümayiş etdirə bilər. Təbii ki, “ən yaxşı oyun” deyərkən onu da nəzərə almalıyıq ki, komanda “Liverpul”a qarşı və “Enfild Roud” kimi bir stadionda çıxış edəcək. Bu isə istənilən komanda üçün çox böyük təzyiq deməkdir".

Mütəxəssisin fikrincə, “Qarabağ” artıq elə bir səviyyəyə çatıb ki, bu cür təzyiqlərə dözməlidir.

"Çünki növbəti mərhələlərdə daha güclü rəqiblərlə qarşılaşmaq qaçılmazdır. Bu baxımdan, oyun “Qarabağ” üçün ciddi bir test olacaq. Əvvəl də qeyd etdiyim kimi, üzərində təzyiq olmadığı üçün hesab edirəm ki, komanda bu gün yaxşı və baxımlı futbol nümayiş etdirəcək. Hamımız bilirik ki, İngiltərə futbolun ən önəmli ölkələrindən biridir. Belə bir ölkədə oynamaq futbolçular üçün həm komanda şəklində, həm də fərdi baxımdan öz bacarıqlarını göstərmək üçün böyük imkandır. Bu, əsl vitrindir və hər bir futbolçu özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. Düşünürəm ki, “Qarabağ” bu gün Azərbaycana layiq futbol nümayiş etdirəcək. Bəli, nəticə “Qarabağ”ın xeyrinə olmaya da bilər. Axı rəqib “Liverpul”dur. Amma etiraf edək ki, “Qarabağ” bundan əvvəl də dəfələrlə qeyri-mümkünü bacarıb. İnşallah, arzu edirik və dua edirik ki, bu gün də “Qarabağ” yenidən bir mümkünsüzlüyü bacararaq tarixində yeni bir səhifə açsın", - deyə Etibar İbrahimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью