“Qarabağ” hakimlə bağlı UEFA ya müraciət edəcəkmi?

22.01.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Qarabağ” – “Ayntraxt” oyununda Azərbaycan təmsilçisi 3:2 hesablı qələbə qazansa da, hakim idarəçiliyi müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, matç ərzində hakimin verdiyi bir sıra qərarlar futbol ictimaiyyəti və azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə mübahisəli epizodlar oyundan sonra sosial şəbəkələrdə və idman mediasında geniş müzakirə olunub.
Məsələ ilə bağlı Prezident İlham Əliyev də sosial şəbəkə hesabında paylaşım edərək hakim idarəçiliyinə sərt münasibət bildirib:
“Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək”.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyununun baş hakimi isveçrəli Sandro Şerer (Sandro Schaerer) olub.
Hazırda əsas maraq doğuran məqamlardan biri “Qarabağ” Futbol Klubunun bu məsələ ilə bağlı UEFA-ya rəsmi müraciət edib-etməyəcəyidir.
“Ayntraxt”la oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ünvanlanan suala münasibət bildirib:
“Məncə, əlavə şərhə ehtiyac yoxdur. Mən də hirsləndim, amma tez özümü ələ ala bildim. Bu, normaldır, futbolda belə hallar ola bilir və məncə, çox geniş və ətraflı, düzgün cavabı elə cənab Prezident bildirib. Bir daha təşəkkür edirəm”.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan idman jurnalisti Anar Xanlarov bildirib ki, “Qarabağ”ın beynəlxalq arenada hakim haqsızlığı ilə üzləşməsi ilk hal deyil:
“Hər dəfə də həlledici məqamlarda bu baş verir. “İnter”lə son tur matçında, “Bazel”lə həmçinin həlledici son turda, bu dəfə isə sona bir tur qalmış “Ayntraxt”la həyat əhəmiyyətli oyunda. Sanki futbol ölkələri ilə oyunlarda hakimlər rəqiblərə simpatiya bəsləyir”.

Anar Xanlarov
Onun sözlərinə görə, oyunda təyin edilən penalti qərarı xüsusilə mübahisəli olub:
“Oyunda verilən penalti çox ağır idi, epizodda aşkar penalti yükü yox idi. O epizoda penalti verən hakim daha öncə Durana qarşı epizodda daha rahat penalti verməli idi, amma təəssüf ki, qərarlar fərqli oldu”.
Anar Xanlarov qeyd edib ki, bu cür hallarla bağlı UEFA-ya etiraz etmək asan məsələ deyil:
“Çünki UEFA birmənalı şəkildə öz hakimlərinin tərəfində olur, onları müdafiə edir. Amma istənilən halda, şikayət olunmalı, etiraz edilməlidir ki, UEFA haqsızlığa biganə qalmadığımızı görsün”.
Fəridə Əsədzadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью