Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Qarabağ"ın qapıçısı Fabian Buntiç Misli Premyer Liqasının 17-ci turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Məğlubiyyətə səbəb nə oldu?
- Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik. Asan qollar buraxdıq. Rəqib bizə çox qol şansı vermədi. Üstəlik, "Kəpəz"in futbolçuları meydanda çox yaxşı vuruşdular. Müdafiədə demək olar ki, səhvə yol vermədilər. Belədə meydanı xalsız tərk etdik.
- Ola bilər ki, komandanın fikri "Kəpəz" yox, "Liverpul"la görüşdə idi?
- Xeyr, belə deməzdim. Üstəlik, "Kəpəz"lə matça fərqli heyət çıxmışdı. Həm də biz ölkə çempionatında da hər matça qələbə üçün çıxırıq. Bu görüşdə də bacardığımızın ən yaxşısını etməyə çalışırdıq. Təəssüf ki, yekunda uduzduq. Yəni bu məğlubiyyəti "Liverpul" matçı ilə əlaqələndirməzdim.
- "Kəpəz"in ikinci qolu bir qədər gözlənilməz oldu. Zərbə anında topun istiqamətini görmürdün?
- Bilmirəm nə deyim. Həmin anda bəxt də bir qədər rəqib futbolçunun tərəfində oldu. Üstəlik, zərbə anında top bizim futbolçulardan birinə də toxundu. Təbii ki, həmin vaxt komandama kömək edə bilmədiyim üçün məyusam.
- Son zamanlar mətbuatda oyun praktikasının azlığına görə "Qarabağ"dan ayrılmaq istədiyin barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Həqiqətən də oyun praktikam azdır, meydana çox gec-gec çıxıram. Hər bir futbolçu kimi, mən də daha çox forma şansı qazanmaq istərdim. Yaxşı formada olmaq üçün daha çox oynamağa ehtiyacım var. Lakin istənilən halda buradayamsa, komandamın uğurları üçün çalışmalıyam. "Qarabağ"a fayda vermək üçün bacardığımın ən yaxşısını edirəm və bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
- Vəziyyət dəyişməsə, yayda "Qarabağ"dan getmək barədə düşünəcəksən?
- Bu barədə indidən nəsə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Mövsümün sonuna hələ çox var. İndi yalnız hər növbəti matçı düşünürəm. Buna yox, qarşıdakı oyunlara fokuslanmışam. Dediyim kimi, məqsədim "Qarabağ"a fayda verməkdir. Bunun üçün də bütün gücümlə çalışıram.