Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çempionlar Liqasının bütün pley-off cütlükləri açıqlanıb.
Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevralda oynanılacaq.
Bəs Qarabağın rəqibi “Nyukasl” indiyə kimi hansı nailiyyətlərə imza atıb?
Modern.az “Nyukasl”ın tarixinə, hazırkı durumuna qısa nəzər salıb.
İngiltərənin şimal-şərqində yerləşən Nyukasl-apon-Tayn şəhərini təmsil edən “Nyukasl Yunayted” 1892-ci ildə iki futbol klubunun-“Nyukasl İst-End” və “Nyukasl Vest-End” klublarının birləşməsi nəticəsində yaradılıb. Klub İngiltərə çempionatının 4 qat qalibi, İngiltərə Kubokunun 6 qat sahibi, Liqa Kubokunun, Yarmarkalar Kubokunun və İntertoto Kubokunun qalibidir. 2025-ci ildə qazanılan Liqa Kuboku “Nyukasl Yunayted” üçün 1969-cu ildən bəri ilk böyük titul olub. 2024/25 mövsümünün sonuna olan məlumata görə, klub İngiltərənin ən titullu klubları sırasında 9-cu yerdə qərarlaşıb.
Klubun ev stadionu olan “Sent-Ceyms Park” 1880-ci ildə açılıb. İngiltərənin ən böyük futbol arenalarından biri hesab olunan stadion 52 mindən çox tamaşaçı tutumuna malikdir. “Nyukasl Yunayted” klubu 1892-ci ildən etibarən ev oyunlarını bu stadionda keçirir.
Komandanın baş məşqçisi 2021-ci ilin noyabr ayından etibarən Eddi Haur, klubun kapitanı isə Bruno Gimaraeşdir.