Qarabağ izli qanlı cinayət Keçmiş baş prokurora cinayət işi açıldı

28.11.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryana 1998-ci ildə müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlə yetirilməsi ilə bağlı cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

1999–2001-ci illərdə Ermənistanın baş prokuroru vəzifəsini tutmuş Boris Nazaryan qətlin istintaqına lazımi prokuror nəzarətini həyata keçirməməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, 2000-ci il martın 25-də Sasun Aruşanyanın qətldə iştirakına dair sübutların olmasına baxmayaraq, onun barəsində cinayət təqibinə xitam verilib. Digər şübhəli şəxs isə 25 ilə yaxın müddətdə cinayət məsuliyyətinə cəlb edilməyib.

2025-ci il iyulun 31-də həmin şəxs barəsində cinayət təqibi başlanıb, həbs qərarı çıxarılıb və axtarış elan edilib. Aruşanyanın cinayət işi isə oktyabrın 31-də məhkəməyə göndərilib.

Qətlə yetirilən polkovnik Vahram Xorxoruni 1951-ci il sentyabrın 2-də İrəvanda anadan olub. 1978-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Qorki Ali Milis Məktəbini, 1993-cü ildə isə Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib.

Xorxoruni Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı fəaliyyətlə birbaşa əlaqəsi olan şəxslərdən biri olub. O, cinayətkar erməni silahlı dəstələrinin yaradılmasında, Ermənistan ordusunun formalaşdırılmasında və silahlandırılmasında fəal iştirak edib.

1993–1994-cü illərdə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində yaradılmış və məhv olmuş qondarma separatçı rejimin daxili işlər nazirinin müavini vəzifəsini tutub. Xankəndidə separatçıların "hüquq-mühafizə strukturlarında" rəhbər vəzifədə çalışıb.

1994–1997-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, 1997–1998-ci illərdə isə müdafiə nazirinin müavini olub. Ermənistanın keçmiş müdafiə naziri Vazgen Sarkisyanın etibar etdiyi şəxslərdən biri kimi tanınıb.

Xorxoruni 1998-ci il dekabrın 10-da İrəvanın Sayat-Nova küçəsində, yaşadığı binanın girişində güllələnərək öldürülüb. O, İrəvandakı “Yerablur” hərbi məzarlığında dəfn edilib.

Qətl işində Qarabağdakı separatçı strukturlarla əlaqəsi olan şəxslərin də adları keçir. Cinayətdə ittiham olunan üç nəfərdən ikisi Qarabağ "sakini" olub.

Ermənistan mətbuatının məlumatına görə, qətlin təşkilində ittiham olunan Sasun Aruşanyan məhv olmuş qondarma rejimin keçmiş hərbi rəhbəri Samvel Babayanın mühafizə xidmətinin rəisi olub. Babayan isə Aruşanyanın qərargah bölüyünün zabiti olduğunu bildirib.

İstintaqın məlumatına əsasən, Aruşanyan qətldə iştirak etmək müqabilində iki nəfərə müvafiq olaraq 10 və 15 min dollar vəd edib.

Aruşanyan 1999-cu ildə də bu cinayət işi üzrə saxlanılmışdı.

Ermənistanın keçmiş baş prokuroru Boris Nazaryan isə 1958-ci ildə anadan olub. İrəvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Baş prokuror təyin edilməzdən əvvəl Ararat vilayətinin prokuroru vəzifəsində çalışıb.

68 yaşlı Nazaryana Ermənistan Cinayət Məcəlləsinin 446-cı maddəsinin ikinci hissəsi – vəzifə səhlənkarlığı üzrə ittiham irəli sürülüb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью