Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən əsrin 80-ci illərinin sonlarında Qarabağın dağlıq hissəsində ermənilərin başlatdıqları separatçılıq əməllərinin – “Miatsum” hərəkatının bir çox bədnam nümayəndələri var idi. Onların arasında Zori Balayan, Serj Sarkisyan, Arkadi Qukasyan, Bako Saakyan, Samvel Babayan, Vitali Balasanyan və digər şəxslər xüsusi yer tuturdular. Bu şəxslərdən biri də sonradan Ermənistanın prezidenti olmuş Robert Koçaryan idi. O, müxtəlif toplantılarda, partiya yığıncaqlarında və görüşlərdə çıxış edərək Qarabağın Azərbaycandan ayrılmasının, Ermənistana birləşdirilməsinin və ya qondarma müstəqillik əldə etməsinin əsas təbliğatçılarından biri kimi çıxış edirdi. Koçaryan və onun tərəfdarlarının irəli sürdükləri separatçı ideyalar isə çox keçmədən Qarabağda qanlı etnik qarşıdurmaya, Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınmasına və Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsinə gətirib çıxardı.
Hadisələrin sonrakı inkişafı elə gətirdi ki, Koçaryan 1994-cü ildə qondarma separatçı xunta rejiminin ilk “prezidenti” oldu. Beləliklə, Azərbaycana qarşı ərazi iddialarının önündə gedən şəxslərdən biri separatçı qurumun rəhbərliyinə yüksəldi. Bununla da onun siyasi karyerasında yeni mərhələ başlandı. Qarabağdakı separatçı hərəkatın rəhbərlərindən biri olan Koçaryan tədricən Ermənistanın siyasi həyatında da əsas fiqurlardan birinə çevrildi.
Qarabağdan İrəvana uzanan hakimiyyət yolu
Koçaryanın və təmsil olunduğu düşərgənin, eləcə də onların xarici havadarlarının dəstəyi ilə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edildi. Həmin ilin martında keçirilən növbədənkənar prezident seçkilərində qalib elan edilən Koçaryan Ermənistanın rəhbərliyinə yiyələndi və 2008-ci ilədək ölkəyə başçılıq etdi. Onun hakimiyyəti dövründə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda tutduğu tez-tez dəyişən mövqe yaşlı və orta nəslin yaxşı yadındadır. İrəvanın danışıqlar masasında irəli sürdüyü şərtlər, Azərbaycanın ərazi bütövlüyünü nəzərə almayan yanaşma və münaqişənin həllini uzadan mövqe bölgədə sülhün bərqərar olmasına mane olurdu.
Koçaryanın prezidentliyi dövründə Qarabağ klanı Ermənistanın siyasi və iqtisadi həyatında mövqelərini daha da möhkəmləndirdi. Dövlət idarəçiliyində və iqtisadiyyatda təsir imkanlarını genişləndirən bu düşərgə ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsində də mühüm rol oynayırdı. Belə bir şəraitdə Qarabağdakı separatçı hərəkatın digər tanınmış nümayəndəsi Serj Sarkisyanın hakimiyyətə yüksəlməsi üçün zəmin yarandı.
Sarkisyanın hakimiyyəti qorumaq cəhdi
2008-ci ildə prezident kürsüsünü Qarabağ separatizm hərəkatının daha bir nümayəndəsi, Xocalı soyqırımında iştirak etdiyi sübuta yetirilən və bu barədə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində açıq danışan Serj Sarkisyan tutdu. Beləliklə, Ermənistanın siyasi rəhbərliyində Qarabağ klanının mövqeləri qorunub saxlanıldı. Sarkisyan Koçaryandan fərqli olaraq, 10 illik prezidentlik müddəti başa çatdıqdan sonra da hakimiyyətdən əl çəkmək istəmirdi. O, 2015-ci ildə qəbul edilən konstitusiya dəyişiklikləri ilə Ermənistanın parlament idarəetmə sisteminə keçməsinə şərait yaratdı. Bu dəyişikliklər nəticəsində prezidentin səlahiyyətləri məhdudlaşdırıldı, baş nazir postunun siyasi çəkisi isə artdı.
2018-ci ilin aprelində prezidentlik müddəti başa çatan Sarkisyan baş nazir oldu. Lakin onun bu vəzifədə fəaliyyəti cəmi bir neçə gün çəkdi. Nikol Paşinyanın “Addım at, Serji devir” şüarı altında başlatdığı kütləvi etiraz aksiyaları ölkədə siyasi vəziyyəti dəyişdi. Nəticədə Sarkisyan aprelin 23-də baş nazir vəzifəsindən istefa verməyə məcbur oldu. Bununla da Qarabağ klanının Ermənistanda uzun illər davam edən hakimiyyətinə ciddi zərbə vuruldu.
Koçaryanın qara günləri
Sarkisyanın istefasından sonra Qarabağ klanının, o cümlədən onun əsas simalarından hesab edilən R.Koçaryanın siyasi və hüquqi problemləri daha da dərinləşdi. Uzun illər Ermənistanın siyasi həyatında mühüm mövqeyə malik olmuş Koçaryan bir neçə dəfə həbs olundu, müxtəlif cinayət işləri üzrə ittihamlarla üzləşdi. Onun siyasi səhnəyə qayıtmaq cəhdləri isə ölkədə dəyişən siyasi şəraitlə müşayiət olundu.
Koçaryanın sonuncu saxlanılması 2026-cı il avqustun 25-də baş verib. Avqustun 27-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş prezidentin 2 ay müddətinə həbs edildiyini açıqlayıb. O, qanunsuz əmlak əldə etməkdə ittiham olunur. İstintaqın iddiasına görə, Koçaryan prezidentliyi dövründə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra dövlət və iqtisadi aktivləri bazar qiymətlərindən aşağı qiymətə əldə etmək məqsədilə başqa şəxslərlə əlbir olub.
Cinayət işi Koçaryan ailəsinə məxsus 35 əmlakla bağlıdır. İş çərçivəsində bəzi şirkətlərin möhürləndiyi bildirilir. Keçmiş prezidentin oğlu Sedrak Koçaryan da həbsdədir. İstintaqın diqqət mərkəzində olan əmlak və şirkətlərin mənşəyi, onların hansı şəraitdə əldə edilməsi və mümkün qanun pozuntuları araşdırılır.
Beləliklə, vaxtilə Qarabağda separatçı hərəkatın önündə gedən, sonradan Ermənistanın siyasi hakimiyyətinin zirvəsinə yüksələn R.Koçaryan yenidən həbsxanaya düşüb. Onun siyasi karyerasının müxtəlif mərhələlərində Qarabağ məsələsi, Ermənistanın hakimiyyət uğrunda mübarizəsi və iqtisadi maraqlar bir-biri ilə sıx bağlı olub. İndi isə keçmiş prezidentin adı yeni korrupsiya ittihamları ilə gündəmə gəlib. Koçəryanın gələcək taleyini məhkəmə araşdırmasının nəticələri müəyyənləşdirəcək.
Qaranlıq zirzəminin yeni sakini
Hələlik isə Ermənistanın “Past” qəzetinin yazdıqları diqqət çəkir. Nəşr keçmiş prezidentin həbsdə saxlanma şəraitinin qanunvericiliyin minimum tələblərinə belə cavab vermədiyini iddia edir. Qəzetin məlumatına görə, Koçaryan “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsinin ən qaranlıq və kiçik kameralarından birində saxlanılır. Nəşrin “DTK-nın zirzəmisi” adlandırdığı kameranın sahəsi təxminən 5x3 metrdir. Tək nəfərlik kamera olmasına baxmayaraq, burada 2 mərtəbəli çarpayı yerləşdirilib ki, bu da onsuz da məhdud olan sahəni daha da daraldır. Qəzetin yazdığına görə, kamerada keçmiş prezidentin işləməsi və ya sadəcə oturması üçün nə stul, nə də masa var.
“Past”ın məlumatına əsasən, Ermənistanın ombudsmanı Anait Manasyan Koçaryana baş çəkərkən saxlanma şəraitindəki bu çatışmazlıqları qeydə alıb və məsələ ilə bağlı müvafiq qurumlara müraciət edib. Lakin qəzetin iddiasına görə, aradan 1 ay keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib. Nəşr bildirir ki, keçmiş prezidentlə görüşlər də ciddi şəkildə məhdudlaşdırılıb. Vəkillərdən başqa, onunla yalnız ailə üzvləri görüşə bilirlər və bu hüquq ayda 2 dəfə ilə məhdudlaşır. Qəzetin yazdığına görə, Koçaryanın siyasi komandasının üzvləri, hətta Milli Assambleyanın deputatları da onunla birbaşa görüşə bilmirlər. Onlar faktiki siyasi liderləri ilə yalnız vəkillər vasitəsilə əlaqə saxlamaq məcburiyyətində qalırlar.
Qəzet xatırladır ki, “İrəvan-Kentron”da əvvəllər müxtəlif cinayət işləri üzrə ittiham olunan arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapaxyan, eləcə də “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan da saxlanılıblar.Начало формы
İlahi ədalətin təntənəsi
R.Koçaryanın bu gün üzləşdiyi hüquqi problemlər onun uzun illər ərzində həyata keçirdiyi siyasətin və Qarabağda baş verən qanlı hadisələrdə oynadığı rolun nəticələri kontekstində diqqət çəkir. Vaxtilə Qarabağda separatçı hərəkatın önündə gedən, müharibənin başlanmasında mühüm rol oynayan və bu qarşıdurmanın həm Azərbaycan xalqına, həm də erməni əhalisinə ağır itkilər gətirməsinə səbəb olan şəxslərdən biri olan Koçaryan indi özü məhkəmə qarşısında cavab verməli olur.
Yeri gəlmişkən, onun siyasi fəaliyyəti təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş addımlarla deyil, Ermənistanın daxilində baş verən qanlı hadisələrlə də yadda qalıb. 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda baş verən hadisələr bunun bariz nümunəsidir. Seçkilərin nəticələrinə etiraz edən kütləvi aksiyaların zorakılıqla dağıdılması nəticəsində 10-dan çox insan həyatını itirdi. Həmin vaxt prezident postunda olan Koçaryanın tətbiq edilən fövqəladə vəziyyət və güc strukturlarının fəaliyyəti ilə bağlı qərarları ölkənin siyasi tarixində ağır iz buraxdı. Qarabağ klanının hakimiyyətini qorumaq naminə atılan addımların nəticəsində insanların həyatını itirməsi onun siyasi keçmişinə dair mübahisələri bu gün də davam etdirir.
Koçaryanın adı uzun illər korrupsiya, dövlət əmlakının talanması, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlarda da hallanıb. Hazırda onun barəsində irəli sürülən qanunsuz əmlak əldə etmək ittihamı da bu baxımdan diqqət çəkir. İstintaqın iddiaları məhkəmədə sübuta yetirilməli olsa da, keçmiş prezidentin yenidən həbs olunması Ermənistanın siyasi həyatında bir dövrün başa çatmasının göstəricisi kimi qiymətləndirilə bilər.
Koçaryanın taleyi göstərir ki, hakimiyyət, siyasi nüfuz və uzun illər formalaşmış əlaqələr insanı əbədi olaraq cinayət məsuliyyətindən azad edə bilməz. Qarabağda separatizmin alovlanmasında iştirak edənlərin bir qisminin bu gün Bakıda, digər qisminin isə İrəvanda cəza çəkməsi regionun siyasi tarixində baş verən köklü dəyişikliklərin təzahürüdür. Bu mənada Koçaryanın üzləşdiyi vəziyyət ilahi ədalətin təntənəsi kimi dəyərləndirilə bilər.
Səxavət HƏMİD
XQ