Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Liverpul"la oyunla bağlı gözləntilərim demək olar ki, "Ayntraxt"la qarşılaşma öncəsi fikirlərimlə üst-üstə düşür. Oyun səfərdə keçiriləcəyi üçün və yol amili müəyyən çətinliklər yarada bilər, bu da işimizi bir qədər ağırlaşdırır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
A.Kərimov hesab edir ki, "Qarabağ"ın İngiltərədə qol imkanları olacaq:
"Əsas məsələ "Liverpul"un güclü hücum xəttinin qarşısını almaqdır. Bunun nə dərəcədə mümkün olacağını indidən demək çətindir, amma hücumda şanslarımızın olacağına tam əminəm.
Taktiki yanaşmaya gəldikdə isə, "Qarabağ"ın oyun üslubu artıq hər kəsə bəllidir. Komanda adətən çoxsaylı taktiki dəyişikliklərə getmir, əsas fəlsəfəsi topa nəzarəti maksimum səviyyədə saxlamaqdır. Bu yanaşmanı hansı rəqibə qarşı nə qədər uğurla tətbiq edə biləcəkləri isə oyunun gedişindən asılı olur.
Fərqlər əsasən detallar üzərində yaranır. Cinah müdafiəçilərinin aktiv dəstəyi, onların müdafiə xəttinin arxasına sızmaları və daha sonra qapı istiqamətində paralel ötürmələr "Qarabağ"ın tez-tez istifadə etdiyi taktiki elementlərdəndir. Görünən odur ki, bu oyun planı indiyədək bir çox rəqiblərə qarşı effektiv nəticə verib və böyük ehtimalla komanda bu üslubdan imtina etməyəcək".
Orxan Hüseyn