Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın cinah müdafiəçisi Mateus Silva bir neçə tanınmış klubun transfer siyahısındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçu ilə həm ölkəsindən "Flamenqo", həm də İtaliya A Seriyasının iki təmsilçisi - "Fiorentina" və "Sampdoriya" maraqlanır.
Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl ilə əlaqə saxlayıb Mateusun aqibətinin necə olacağını, "sambaçı" üçün rəsmi təklif alıb-almadıqlarını soruşduq. Əmrah bəyin dediklərini təqdim edirik: "Mateusla hansısa klubların maraqlanması normal haldır. Bu barədə müxtəlif xəbərlərin də yayılması başadüşüləndir. Təklifə gəlincə, bizə Silva ilə bağlı müraciət edən olmayıb. Mateusun "Qarabağ"la müqaviləsi var və hazırda onun komandadan ayrılması gündəmdə deyil".
Xatırladaq ki, ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 2-ci pillədə başa vuran "Qarabağ" Azərbaycanı UEFA Avropa Liqasında təmsil edir. Turnirin 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını hər iki matçda 3:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdıran "köhlənlər" 2-ci təsnifat mərhələsinin Bakıda reallaşan birinci duelində ÇSKA (Sofiya, Bolqarıstan) ilə qolsuz bərabərliyə razılaşıb. Tərəflərin Sofiyadakı cavab oyunu iyulun 30-da olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Nihat