Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
4 mindən çox ailənin 30 ildir gözləri yollardadır
Müharibə bitir, şəhərlər və kəndlər yenidən qurulur, həyat öz axarına qayıdır. Lakin minlərlə azərbaycanlı ailə üçün müharibə hələ də davam edir. Çünki onların gözləri yoldadır, qulaqları illərdir eşitmədikləri bir xəbəri gözləyir. İtkin düşmüş oğuldan, atadan, həyat yoldaşından, qardaşdan xəbər... Onilliklərdir cavabsız qalan bu gözlənti Qarabağ müharibəsinin ən ağır humanitar yaralarından biridir.
Azərbaycanın son dövrlərdə bu məsələnin beynəlxalq platformalarda yenidən gündəmə gətirilməsi məhz belə bir həqiqətdən qaynaqlanır. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırovanın “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda keçirilən müzakirələrdə çıxışı da onilliklərdir cavab gözləyən ailələrin probleminə beynəlxalq diqqətin artırılması baxımından əhəmiyyət daşıyır. Bu çıxışın arxasında sadəcə statistika dayanmır. Hər rəqəmin arxasında yarımçıq qalmış bir ömür, övladının yolunu gözləyən ana, atasını heç vaxt tanımayan uşaq, həyat yoldaşının taleyindən xəbərsiz qalan qadın var.
“Öldüsü-qaldısı” məlum olmayanlar
Azərbaycanın rəsmi məlumatlarına görə, Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4010 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb. Onlardan 4004-ü Birinci Qarabağ müharibəsi dövründə yoxa çıxıb. Bu rəqəmlərin ən ağrılı tərəfi isə itkin düşənlər arasında mülki şəxslərin, xüsusilə qadınların, uşaqların və ahıl insanların olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər arasında 288 qadın, 71 uşaq və 319 ahıl insanın yer alması problemin miqyasını və humanitar ağırlığını aydın göstərir.
Bu rəqəmlərin arxasında neçə ananın ömrünün sonuna qədər oğlunun qayıdacağına inanması, neçə uşağın atasının üzünü görmədən böyüməsi, neçə qadının həyat yoldaşının taleyini bilmədən yaşlanması dayanır. Bəziləri artıq dünyasını dəyişib, lakin onların illərlə gözlədiyi xəbər hələ də gəlməyib. Beləliklə, itkinlik problemi bir nəslin faciəsi olmaqdan çıxaraq sonrakı nəsillərin də həyatına təsir edən kollektiv yaddaş və humanitar məsuliyyət məsələsinə çevrilib.
İtkin düşmüş şəxsin ailəsi üçün ən ağır sınaqlardan biri məhz qeyri-müəyyənlikdir. Yaxınının ölüm xəbərini almaq, şübhəsiz ki, böyük faciədir. Ancaq onun taleyindən xəbərsiz yaşamaq, harada dəfn olunduğunu bilməmək, məzarını ziyarət edə bilməmək tamam başqa bir iztirabdır. Bu ailələr üçün zaman keçir, nəsillər dəyişir, amma cavabsız suallar dəyişmir.
Kütləvi məzarlıqlar soyqırımına şahidlik edir
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası itkin düşmüş şəxslərin taleyinin araşdırılması üçün də yeni imkanlar yaratdı. İşğaldan azad edilmiş ərazilərdə aparılan axtarışlar və qazıntılar zamanı uzun illər gizli qalan acı həqiqətlər üzə çıxmağa başladı. Xüsusilə kütləvi məzarlıqların aşkarlanması müharibə dövründə itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi istiqamətində mühüm mərhələ oldu.
Dövlət Komissiyasının 31 avqust 2026-cı il tarixinə olan məlumatına əsasən, azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. 910 nəfərə aid olduğu müəyyən edilən insan qalıqları ekshumasiya olunub. Onlardan 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, 267 nəfərin qalıqları ailələrinə təhvil verilib. Oktyabrın 1-dək yayılan məlumatlarda isə aşkarlanmış qalıqların sayının 913-ə, ailələrinə təhvil verilənlərin sayının 273-ə çatdığı bildirilirdi.
Bu axtarışların ilkin mərhələsi də faciənin miqyasını ortaya qoyan mühüm faktlarla yadda qalıb. 2021-ci il fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndində ilk kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazidə müəyyən edilən iki məzarlıqdan 28 nəfərə aid insan qalıqları tapılıb. Aparılan genetik araşdırmalar nəticəsində onlardan 14-nün şəxsiyyəti müəyyənləşdirilib. Kimliyi dəqiqləşdirilən şəxslər arasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun da olması bu axtarışların tarixi və mənəvi əhəmiyyətini daha da artırır.
Ümumilikdə, təqdim olunan məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardan 530-a yaxın şəxsə aid insan qalıqları götürülüb. Bununla yanaşı, Birinci Qarabağ müharibəsində şəhid olmuş, lakin müxtəlif şəhər və rayonların qəbiristanlıqlarında kimliyi müəyyənləşdirilmədən dəfn edilmiş şəxslərin məzarlarında aparılan ekskumasiya işləri nəticəsində daha 183 nəfərə aid qalıqlar aşkarlanıb.
Bu rəqəmlərin hər biri ayrıca bir ailənin taleyi deməkdir. İllərlə övladından xəbər gözləyən ailə üçün onun şəxsiyyətinin müəyyənləşdirilməsi həm ağır itki ilə üzləşmək, həm də nəhayət, qeyri-müəyyənlikdən xilas olmaqdır. Bəzən ən böyük təsəlli doğmasının məzarını tapmaq və onu ziyarət edə bilməkdir.
Lakin axtarış prosesi heç də asan deyil. İnsan qalıqlarının aşkarlanması hələ onların kimliyinin müəyyənləşdirilməsi demək deyil. Bunun üçün DNT analizləri, məhkəmə-tibbi ekspertizalar və antropoloji araşdırmalar aparılır. İllər əvvəl baş vermiş hadisələrin izlərini üzə çıxarmaq ciddi elmi-texniki imkanlar və vaxt tələb edir. İtkin düşmüş şəxslərin ailələrindən minlərlə bioloji nümunənin toplanması da bu prosesin nə qədər genişmiqyaslı olduğunu göstərir. İndi əsas vəzifə mövcud məlumatların sistemli şəkildə araşdırılması və əldə olunan nəticələrin ailələrə vaxtında çatdırılmasıdır.
Ermənistan itkinlərin taleyinə cavabdehdir
Bununla belə, itkin düşmüş şəxslərin taleyinə tam aydınlıq gətirilməsi yalnız Azərbaycanın öz ərazisində apardığı axtarışlardan asılı deyil. Müharibə dövründə baş vermiş hadisələr, əsir və girov götürülmüş şəxslər, onların saxlanıldığı yerlər və mümkün dəfn sahələri barədə məlumatların bir hissəsi Ermənistanın hərbi arxivlərində və digər mənbələrində ola bilər. Bu səbəbdən Ermənistan tərəfinin əlindəki məlumatların açıqlanması və Azərbaycanla bölüşülməsi axtarışların nəticə verməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə Bakı ilə İrəvan arasında son dövrdə yaranan təmaslar diqqətəlayiqdir. Reuters-in 8 oktyabr 2026-cı il tarixli məlumatına görə, iki ölkənin itkin düşmüş şəxslərlə bağlı komissiyaları 2025-ci ilin fevralından birbaşa əlaqə saxlayır və məlumat mübadiləsi aparırlar.
Məlumata əsasən, Ermənistan tərəfi 2026-cı ilin yanvarında itkin düşmüş 50 etnik erməniyə aid DNT profillərini Azərbaycana təqdim edib. Azərbaycan tərəfi isə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldüyü ehtimal edilən 834 vətəndaşının siyahısını Ermənistan tərəfinə göndərib. Onlardan 104 nəfər barədə əlavə məlumat da təqdim olunub.
Daha bir diqqətçəkən məqam Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 Azərbaycan vətəndaşı ilə bağlıdır. Azərbaycan tərəfinin açıqlamasına görə, onların 17-nin meyiti geri qaytarılıb, 33 nəfərin həbsdə öldüyü ehtimal olunur, lakin qalıqları hələ də təhvil verilməyib. Dörd nəfərin taleyi isə naməlum olaraq qalır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 8-də Prezident İlham Əliyevlə itkin düşmüş şəxslərin axtarışı məsələsini müzakirə etdiklərini açıqlaması da mövzunun artıq yüksək səviyyəli siyasi gündəliyə daxil olduğunu göstərir. Bu təmaslar və məlumat mübadiləsi, şübhəsiz ki, müsbət addımlardır. Lakin ailələr üçün əsas məsələ danışıqların aparılması deyil, onların konkret nəticə verməsidir.
İllərdir övladının yolunu gözləyən anaya, həyat yoldaşının taleyindən xəbərsiz yaşayan qadına siyasi bəyanat yox, həqiqət lazımdır. Buna görə də Ermənistan tərəfinin hərbi arxivlərdəki məlumatları açıqlaması, mümkün məzarlıqların yerləri barədə bildiklərini bölüşməsi və axtarışlara real kömək göstərməsi vacibdir. Bu məsələyə siyasi maraqlar prizmasından deyil, humanitar məsuliyyət və insan hüquqları baxımından yanaşılmalıdır. Çünki itkin düşmüş insanın milliyyəti və siyasi mənsubiyyəti onun ailəsinin həqiqəti bilmək hüququnu dəyişmir.
Brüssel fəryadı vicdanları oyadacaqmı?
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də beynəlxalq humanitar gündəliyin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan, noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri üzrə Komitə) 41-ci plenar iclasında konsensus əsasında qəbul edilməsi, eləcə də 2026-cı ilin oktyabrında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Brüsseldə üç gün davam edən dinc aksiyaların keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısının alınması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsi ilə bağlı çağırış yer alır. Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır
Brüsseldə keçirilən aksiyaların əsas məqsədi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, onların ailələrinin hüquqlarının müdafiəsi və bu humanitar problemin həlli istiqamətində beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi olub.
Aksiya iştirakçıları itkin düşmüş şəxslər barədə məlumatların açıqlanmasını, kütləvi məzarlıqların dəqiq koordinatlarının təqdim edilməsini və ailələrin onilliklərdir gözlədiyi həqiqətin üzə çıxarılmasını tələb ediblər. Nümayiş etdirilən fotoşəkillər, şəxsi əşyalar, köhnə pasportlar, dayanmış saatlar və simvolik məktub zərfləri isə itkinlik faciəsinin insan talelərində buraxdığı dərin izləri əyani şəkildə nümayiş etdirib. “Heç bir ailə sonsuza qədər gözləməməlidir!” şüarı aksiyaların əsas mesajına çevrilib.
Aksiyaların ikinci günü – oktyabrın 21-də məsələ diplomatik müstəviyə də daşınıb. İtkin düşmüş şəxslərin ailə üzvlərinin nümayəndələri və hüquq müdafiəçiləri Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəsmiləri ilə görüşərək müvafiq müraciət və sənədlər paketini təqdim ediblər. Görüş zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, Ermənistanın sərəncamında ola biləcək məlumatların açıqlanması və beynəlxalq humanitar hüququn tələblərinin yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Qanı axan yaramız…
Bu gün Qarabağda genişmiqyaslı quruculuq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər bərpa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bütün bunlar regionda həyatın yenidən canlandığını, yeni mərhələnin başlandığını göstərir. Lakin bütün bu müsbət dəyişikliklərə baxmayaraq, müharibənin açdığı yaraların tam sağaldığını söyləmək hələ mümkün deyil. Çünki minlərlə ailə üçün sülhün ən vacib şərtlərindən biri – itkin düşmüş doğmalarının taleyi barədə həqiqəti bilmək – hələ də reallaşmayıb.
Unutmaq olmaz ki, 4010 nəfər sadəcə statistik göstərici deyil. Bu rəqəmin arxasında 4010 insan taleyi, yarımçıq qalmış həyat hekayələri və onilliklərdir cavab gözləyən minlərlə ailənin ağrısı dayanır. Ona görə də bu məsələ heç vaxt rəqəmlərin kölgəsində qalmamalıdır. Heç bir ana ömrünün sonuna qədər övladının yolunu gözləməməli, heç bir uşaq atasının taleyi ilə bağlı cavabsız sualları ömür boyu daşımalı, heç bir ailə doğmasının harada dəfn olunduğunu bilmədən yaşamağa məhkum edilməməlidir.
Çünki sülh yalnız silahların susması, dağıdılmış şəhər və kəndlərin bərpası deyil. Sülh həm də illərdir həqiqət axtaran ailələrin suallarına cavab tapması, doğmalarının taleyinin aydınlaşması, məzarlarını ziyarət etmək və nəhayət, mənəvi rahatlığa qovuşmaq imkanı əldə etməsidir. İtkinlərin taleyi aydınlaşmadan bu yara sağalmayacaq. Heç bir ailə sonsuza qədər gözləməməlidir.
P.ƏFƏNDİ
XQ