“Qarabağ” niyə darmadağın oldu? pley off təntənəsi ilə 0:6 heç üst üstə düşmədi!

31.01.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının liqa mərhələsində 3 qələbə qazanan, 1 heç-heçə edən, 4 dəfə məğlub olan “Qarabağ” 10 xalla pley-offa adladı.

“Köhlən atlar” qitənin əsas klub turnirində keçirdiyi ilk 7 matçda ortaya qoyduğu oyunlar dünya futbol ictimaiyyətinin diqqətini çəkə bildi – burda nə mübaliğə var, nə də pafos.
"Qarabağ" “Benfika” ilə səfər oyununda 0:2-dən sonra inanılmaz əzmkarlıq göstərəb, vətənə 3:2 hesablı qələbə ilə döndü, ardından “Kopenhagen”i qol buraxmadan məğlub etdi – 2:0, “Çelsi”dən Bakıda xal aldı, “Ayntraxt”la oyunda əsas vaxtın sonuna 15 dəqiqə qalmışa qədər 1:2 geridə idi, nəticədə 3:2 qələbə qazandı. Ağdamlılar srağagünə qədər məğlub olduqları 3 oyunda da ümumi 5 qol vurdular. Qurban Qurbanovun komandası “Liverpul”la oyuna qədər yalnız bir qarşılaşmada - “Napoli” səfərində qol vurmamışdı. Onda da qol vəziyyətlərimiz var idi, hakimin yanlış qərarları və fiziki gücün tükənməsi sonda Neapol təmsilçisinin qələbəsinə gətirib çıxarmışdı. “Atletik”lə səfər oyununda 1-ci dəqiqədə hesabı açmışdıq. Orda da istər stadiondakı atmosfer, istər rəqibin səviyyəsi sonda Bilbao şəhərinin komandasının qələbəsinə gətirib çıxarmışdı. “Ayaks”la oyuna hər kəs 3 xal imkanı baxırdı. Mərc saytlarında “Qarabağ”ın qələbə şansının daha çox göstərildiyi yeganə oyun idi. Lakin son anda verilən yanlış qərarlar nəinki 3, hətta 1 xal belə qazanmağımıza mane oldu.
“Ayntraxt”la oyunda qazanılan qələbə ağdamlıların böyük ölçüdə pley-offa yüksəlməsini təmin etmişdi. Amma Ağasəlim Mircavadov demişkən, imic baxımdan sona qədər vuruşmaq tələb olunurdu. İmic bir yana, qazanılacaq 1 xal “Qarabağ”ı paralel keçirilən oyunlara baxmadan növbəti mərhələyə daşıyacaqdı. Əslində ilk təhlükəli vəziyyəti “köhlən atlar” yaratdı. Kamilo Duran Alisson Beker üçün çətin olmayan bir zərbə ilə “çərçivə”yə yaxınlaşdı. Bu, hədəfə düşən ilk və son zərbə oldu. Nə oldusa, bundan sonra oldu.
“Qarabağ” niyə birdən-birə bu qədər özünə oxşamamağa başladı? Qapıçı qarışıq heç kimi tanımaq olmurdu. Kevin Medina və Xoni Montiel komanda yoldaşlarından bir qədər fərqlənə bildi. Leandro Andrade o qədər zəif idi ki, Mateus Silvanı ilk dəfə vinger kimi gördük.
Əslində "Qarabağ”ın “Enfild”dən xalla ayrılacağı ilə bağlı gözləntilərin səbəbkarı elə “köhlən atlar” özü idi. Elə nəticələr göstərdilər ki, Liverpuldan xalla dönməyin mümkünlüyünə inandıq. Qəbul edək ki, bu “Qarabağ” tarixin ən güclü “Qarabağ”ıdı. 2017-ci ildə “Çelsi”dən 6 cavabsız qol buraxan komanda ilə indi də eyni aqibəti yaşayan komanda arasında yerdən göyə qədər fərq var. Oyun günü bir dostum “Liverpul”un ən azı 4 qol vuracağını deyəndə bunun mümkünsüz olduğunu söyləmişdim. Açığı, heç vaxt ağlıma gəlməzdi ki, bu futbolçulardan, məşqçilərdən ibarət komanda bir də böyük hesabla hansısa rəqibə uduzsun.
“Qarabağ” çox aciz idi, çox... Sanki futbolçuların əl-ayağı bağlanmışdı. Görünən qədəri ilə əvəzetmələr də çox ləngidi. “Liverpul” İngiltərə komandasıdı. İngilislər də sürətli oynayır. Bu oyunun da dominantığıni ev sahibləri etdi deyə olduqca sürətli oyun alındı. “Qarabağ”da belə futbolçular var, amma azdı. Məsələn, Emmanuel Addai. Sürətlidi, dribliq bacarığı yüksək səviyyədədi. Özü nə etdiyini bilməsə də, heç rəqibləri də bilmir. Ona görə matçın son dəqiqələrində yox, heç olmasa, 60-cı dəqiqələrdə meydanda ona ehtiyac var idi. Nəriman Axundzadə isə, deyəsən, tənqidlərdən həzz alır. “Liverpul”a qarşı oynayırsan, qarşında dünyanın ən güclü futbolçuları var. Zidansayağı hərəkətin nə yeri var? Kimə göstərirsən özünü? Niyə belə edirsən axı, ay Nəriman? Axı futbolumuzun gələcəyini sənlə bağlayırıq. Sənin gözündə futbol sevgisini, yanğısını görə bilmirik. 21 yaşdaca futbolu beynində bitirənə oxşayırsan. Etmə...
“Qarabağ” tarixi uğura imza atdı. Uzun illər heç bir komandamızın təkrarlaya bilməyəci uğuraə. Amma belə oyunlar, nəticələr adamı üzür, çox üzür... Pley-offa çıxmaq təntənəsi ilə 0:6 heç üst-üstə düşmədi!
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью