Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində “24-lüy”ə düşərək pley-offa yüksəldi. “Köhlən atlar” “Liverpul” önündə darmadağın olsa da, Azərbaycan futbol tarixinə növbəti şanlı səhifə yazmağı bacardılar.
Amma “Enfild”dəki oyun hər birimizi narahat etdi. “Qarabağ” gözləniləndən çox aşağı səviyyədə oyun sərgilədi. Komanda niyə bu günə düşdü? Həm “Qarabağ”ın "Ayntraxt"a qarşı parlaq oyunu, həm də “Liverpul”un çempionatda yaxşı vəziyyətdə olmaması bu oyunla bağlı bizə böyük ümid verirdi. Lakin bütün gözləntilər alt-üst oldu. Son oyunla bağlı Vaqif Sadıqovun fikirlərini öyrəndik:
“Öncə "Qarabağ”ı pley-offa yüksəldiyinə görə təbrik edirəm. İki mövsüm əvvəl Avropa Liqasında pley-offa yüksəlmişdilər, indi də Çempionlar Liqasında ən güclü 24 komandadan biri oldular. Azərbaycan futbolunun adını qoruyub saxladı. Futbol bayramının davamını gətirdilər, “Qarabağ”a yanlız təşəkkür düşür. Oyundan öncə reallığı nəzərə alıb başa düşürdük ki, favorit “Liverpul”du. Çempionumuz təxminləri alt-üst etməyə öyrəşib. Dünən “Enfild”də də bunu gözlədik. Tribunalar tam dolsa da, 1300 azarkeşimizin dəstəyi hiss olunurdu. Həmişəki kimi məzmunlu oyun, nəticə gözlədik. Amma reallıq onu göstərdi ki, dünyanın ən yaxşı futbolçularını özündə cəmləşdirən komandaya qarşı oynadıq. Heyətlərində dünya və Avropa çempionları var. Bir çox ölkəni təmsil edən güclü futbolçulardan formalaşan komandadı. Sevindirici hal odu ki, komandamız yoluna davam edir. Ümid edirik ki, "Qarabağ"ın balanslı, müdrik oyununu pley-offda da görəcəyik. “Qarabağ”ı çox yaxşı tanıyıram. “24-lüy”ə çıxmaq üçün bir rahatlığa da yer yox idi. Paralel keçən qarşılaşmaları onlayn izləyirdik. Hər an təhlükə gələ bilərdi. ÇL-in bu formatı, xüsusi ilə də bu mövsüm qat-qat ağırdı. “Napoli” kimi komanda pley-offa yüksələ bilmədi. Ötən mövsüm 11 xalla “24-lüy”ə düşə bilməyən komandalar var idi, indi 9 xalla da bu mümkün oldu. Futbolçuları ayrı-ayrı qeyd etmək istəməzdim. Oyunsonrası mətbuat konfransında da Qurban Qurbanov dedi ki, ən yaxşı oyunlarımız qabaqdadı. Ümid edəm ki, pley-offda yaxşı olacaq. Düzdü, “Liverpul” çempionatda uğursuzdu. Amma ÇL-də çox yaxşı irəliləyirlər. Liqa mərhələsinin son oyununda da azarkeşləri qarşısında inamlı təsir bağışlamaq istədilər. “Liverpul”a səviyyə baxmdan toxunsaq, görərik ki, başabaş mübarizə aparmağa imkan vermirdi. “Qarabağ” nəhəng çempionatların komandaları ilə layiqincə mübarizə apardı. Premyer-liqa təmsilçisi “Çelsi”dən xal aldı, bundesliqada mübarizə aparan “Ayntraxt”ı məğlub etdi... Əslində oyunun belə alınmasının səbəbi gücün tükənməsi də ola bilərdi. Bir çox amillər imkan vermədi ki, “Qarabağ” öz oyununu göstərsin. Sağ olsunlar, hər il bayramın davamını gətirirlər.
"Aydın məsələdi ki, səviyyə baxımıbdan PSJ üstün görünür. Düzdü, son oyunda bir-biri ilə qarşılaşdılar və hesab bərabər oldu. Amma PSJ çox üstün idi. “Qarabağ” güclü rəqiblərlə oynadıqca böyüyür. “Qarabağ”ın bir az da böyüməsi üçün PSJ-in düşməsini istəyirəm. Amma “Nyukasl”la düşsə, növbəti mərhələ üçün şanslar bərabər ola bilər. Bu mərhələni adlamaq şansı olar”.