“Qarabağ” “Nyukasl”ı da devirəcək arzu, yoxsa tələb?

31.01.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəli, pley-offda “Qarabağ”ın bəxtinə “Nyukasl” düşdü, indi “köhlən atlar” Səudiyyə Ərəbistanı kralının “sağsağanlar”ını Çempionlar Liqasından qovmalıdı...
Sırf reklam, ajiotaj, maraq baxımından PSJ-nin Bakıya gəlməsi daha cəlbedici variant idi. Aha, ÇL-in son qalibi, heyətində ulduzlar olan Paris klubu Bakıya gələcəkdi, Usman Dembele, Əşrəf Hakimi, Badri Kvaratsxeliyanın varisi Xviça “Bəhramov”un qazonuna ayaq basacaqdı, müxtəlif media qurumları Azərbaycana reportyor göndərəcəkdi və s. və i.a. Amma püşkün hökmü başqa oldu və yaxşı ki, elə belə oldu, “Qarabağ”ın 1/8 finala adlamaq şansı artdı!
Mən sadəlövh deyiləm, xəyalpərəst heç deyiləm, macərabazlıqdan da xoşum gəlmir, artıq çoxdan həyatın acı reallıqları çərçivəsində yaşamağı seçmişəm. Amma... Nədən indidən “ağ bayraq qaldırmalı”, “Nyukasl”a təslim olmalıyam? Bəli, iki klubun “transfermarkt” dəyəri arasında 24,5 dəfə fərq var, “Qarabağ”da bu məbləğ 20, “Nyukasl”da 712 milyon avrodu. Sadəcə, indiyə qədər heç bir avronun, dolların və ya manatın futbol oynadığını görən olmayıb. Dünya futbolunda belə oyunçu yoxdu. Etiraf edirəm ki, hətta mən də bir-iki dəfə qarşılaşacağımız rəqibin büdcəsini qabardan həmkarlarımın önünə pul atmışam ki, bunu götürüb oynadın, heyətə qoyun. Götürüb öz ciblərinə qoyublar...
Pul, büdcə, “transfermarkt” dəyəri ciddi dəlildi, ancaq həlledici amil deyi. Ona qalsa, “Çelsi” “Qarabağ”dan 41 dəfə artıq dəyərə malik idi. Elə məğlub etdiyimiz “Kopenhagen”, “Benfika” və “Aytntaxt” da “Qarabağ”dan çox-çox bahadı? Bəs onda niyə həmin komandalarla oyunlarda Azərbaycan çempionundan qələbə, ən azı heç-heçə tələb edirdik? Bax, onda hisslərimiz nə qədər səmimi, tələbimiz nə qədər gerçəkçi idisə, indi də elədi!
“Nyukasl”ı keçmək, İngiltərə klublarından bütün əvvəlkı məğlubiyyətlərin əvəzini çıxmaq indiki məqamda, əlbəttə, daha çox arzu kimi görünür. Amma niyə missiya, hətt bəlkə tələb olmasın ki?! Axı Qurban bəy iki oyundan ibarət mübarizələrə daha yaxşı hazırlaşır, ilk oyundan sonra düzəlişlər etməyi bacarır. Elə “Liverpul”a acı məğlubiyyətin ardından da növbəti dəfə bu fikri səsləndirib. Onda niyə bu qədər bədbinik, niyə “Nyukasl”la oyunların mümkün xoş perspektivinə arzu da yox e, xəyal kimi baxanlar çoxdu? Nədənsə mənə elə gəlir ki, Qurban Qurbanov və sərəncamındakı futbolçular “Nyukasl”ı bu turnirdən qovacağına daha çox inanır, nəninki Azərbaycanın futbol ictimaiyyəti!
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью