Qarabağ qazisi, hərbi hazırlıq müəllimi

12.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

O, Şuşaya ilk daxil olan döyüşçülərdəndir

Hörmətli oxucular, sizə 2020-ci ilin payızında Şuşada hünər dastanı yazanlardan biri barədə, qısaca da olsa, söz açmaq istəyirəm. Nə gizlədim, belə igidlərdən yazmaq bir qələm əhli olaraq mənə xüsusi bir şövq verir. İndi isə mətləbə keçirəm.

Fotoda gördüyünüz bu iki cəsur əsgərimiz Şuşanın azad edilməsi uğrunda şanlı döyüşlərin iştirakçılarıdır. Onların hər ikisi, əlbəttə, böyük hörmət və diqqətə layiqdir. Fotoda ön plandakı isə Qarabağ uğrunda döyüşlərə könüllü qatılan Quba rayonunun I Nügədi kənd sakini Xəyal Xaninbəyovdur.

Xəyal 44 günlük şanlı savaşda qeyri-adi şücaətlər göstərib. Hazırda sinəsini orden və medallar bəzəyir. Müharibə bitəndən sonra doğma yurduna qayıdıb və artıq 4 ildən çoxdur ki, doğulub boya-başa çatdığı I Nügədi tam orta məktəbində ixtisası üzrə hərbi hazırlıq fənnindən dərs deyir.

Xəyalın atası Elşən kişi ilə çoxdan tanışam. Elə Xəyalın özü də, demək olar ki, gözlərim önündə böyüyüb. Bu günlərdə onunla görüşüb həm Qarabağdakı döyüş yolu ilə xatirələrini, həm də hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyəti ilə bağlı arzu və planlarını dinlədim.

Xəyal çox sadə və səmimi gəncdir. Etiraf etdi ki, müharibədə heç nədən zərrə qədər çəkinməsə də, məktəbdə gənc müəllim kimi ilk günlər onun üçün bir qədər çətin olub. Ona görə ki, həm vaxtilə ona dərs deyən nisbətən yaşlı müəllimlərindən utanıb, həm də ehtiyat edib ki, birdən bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bilməz. Xoşbəxtlikdən, çox keçmədən hər şey qaydasına düşüb. Məktəbin təcrübəli pedaqoqları ona hərtərəfli dəstək olublar. İndi Xəyal Xaninbəyov hərbi hazırlıq fənni üzrə rayonda ən yaxı gənc pedaqoqlardan sayılır.

Xəyal müəllim söhbət zamanı dedi ki, şagirdlərin hərbi hazırlıq fənninə böyük maraqları var. Uşaqlar başa düşürlər ki, onlar gələcəyin əsgər və zabitləri olaraq hər an Vətəni qorumağa hazır olmalıdırlar. Vətən torpaqlarını, azadlığımızı qorumaq, şübhəsiz, həyatda ən ülvi, müqəddəs borcdur. Həmsöhbətimin sözlərinə görə, məhz buna görə, bütün şagirdlər hərbi hazırlıq fənni üzrə təlim və tapşırıqlara ciddi yanaşırlar.

Maraqlıdır, dərsdən sonra yeniyetmələr Xəyal müəllimdən tez-tez Qarabağ müharibəsi, xüsusilə Şuşa uğrunda əfsanəvi savaş barədə söz açmasını xahiş edirlər. Keçmiş döyüşçü, təbii ki, hər dəfə savaşda fərqlənən əsgər və zabit yoldaşları barədə ürəkdolusu danışır.

İndi məktəbdə yay tətili günləridir. Bir neçə həftədən sonra dərslər başlayacaq. Xəyal müəllim yenə şəstlə sinif otağına daxil olaraq hərbi hazırlıq fənninin sirlərini şagirdlərə həvəslə öyrədəcək.

Məktəbdən evə qayıdanda isə onu gənc, sevimli həyat yoldaşı, 8 və 4 yaşlarında olan qızı Arzum və oğlu Cəsur qarşılayacaqlar. Arzum bu il 3-cü sinfə gedəcək. Kiçik Cəsurun adını isə ata nənəsi Dürrə xanım qoyub. Deyib ki, Şuşada igidlik göstərənin övladının adı Cəsur olmalıdır.

İndi dostları Xəyal müəllimə “Cəsurun atası” kimi müraciət edəndə, o, üzə vurmasa da, bundan çox məmnun olur.

M.HACIXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью