Qarabağ qazisinin “Ad günü şamları”

13.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu günlərdə Tallində dünyanın 17 aparıcı A kateqoriyalı beynəlxalq film festivalından biri olan “Tallin Qara Gecələr Beynəlxalq Film Festivalı” çərçivəsində İkinci Qarabağ müharibəsi qazisi Kamran Baxşızadənin həyatından bəhs edən “Ad günü şamları” sənədli filminin premyerası olub.

Filmdə Vətən müharibəsi iştirakçısı Kamran Baxşızadənin taleyindən söz açılır. 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanan Kamran döyüşlərin birində görmə qabiliyyətini itirir. Ekran əsərində onun müharibədən sonra üzləşdiyi çətinliklər, dəyişən həyat şəraitinə uyğunlaşmaq və yeni imkanlar axtarmaq istiqamətində apardığı mübarizə ön plana çəkilir.

Tamaşaçılar müharibənin törətdiyi faciələri, buraxdığı dərin izləri, gənc qazimizin ağrılı həyat hekayəsini və onun simasında minlərlə gəncin taleyini, çəkdiyi əziyyətləri ürək yanğısı ilə izləyiblər. Premyeranın sonunda maraqlı müzakirələr, fikir mübadiləsi aparılıb, tamaşaçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.

Estoniyada yaşayan Azərbaycan icmasının üzvləri filmin rejissoru Murad Allahverdi və prodüseri Afaq Yusifli ilə görüşüblər. Maraqlı və yaddaqalan görüşdə gənc yaradıcılarımız filmin rejissoru və prodüserinə dəyərli sənədli filmi ərsəyə gətirdiklərinə, qazi Kamran Baxşızadənin simasında müharibənin ağır fəsadlarını dünya tamaşaçılarına çatdırdıqlarına görə təşəkkürlərini bildiriblər.

“Ad günü şamları” yalnız bir qazinin həyat hekayəsi deyil, həm də insanın iradəsinin, ümidin və həyata bağlılığın təsirli nümunəsidir. Qeyd edək ki, ilk dəfədir Qarabağ mövzusunda çəkilmiş Azərbaycan sənədli filmi belə nüfuzlu festivalın rəsmi yarış bölməsinə dünya premyerası üçün seçilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью