“Qarabağ” Sabah la niyə bacarmır? İdman eksperti AÇIQLADI

20.04.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bildiyiniz kimi, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Qarabağ” öz meydanında  “Sabah”a uduzub.

Ümumiyyətlə, “Qarabağ” 8 oyundur “Sabah”la bacara bilmir.

Çempionlar Liqasının pley-off mərhələsinə qədər yüksəlmiş komandanın neçə oyundur "Sabah"a qalib gəlməməsinin səbəbi nədir?

İdman jurnalisti, ekspert Kənan Məstəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, "Qarabağ"ın qalib gələ bilməməsinin bir neçə səbəbi var:

"Birinci səbəb odur ki, "Sabah" yaxşı formalaşmaqda olan bir klubdur. Yəni o, çempionluğu təkcə komandasını gücləndirməklə deyil, həm də bir struktur kimi yüksək səviyyədə formalaşmaqla hədəfləyir. Bu klubda işlər təkcə meydanda deyil, ondan kənarda da doğru qurulub: marketinq, media, azarkeşlərlə iş və peşəkarlaşma istiqamətində atılan addımlar buna sübutdur. Ümumiyyətlə, "Sabah" klub olaraq çox uğurlu inkişaf yolu keçir və əslində, artıq çoxdandır ki, "Qarabağ" üçün ciddi rəqibə çevrilib. Bu səkkiz oyunluq seriya da təsadüfi deyil".

Ekspert qeyd etdi ki, bir-iki il əvvələ qədər "Qarabağ" həqiqətən çox güclü idi və "Sabah"ı özünə ciddi rəqib saymırdı:

"Bu da normaldır; avrokuboklarda mütəmadi oynayan və digər komandaları rahatlıqla yenən bir klubun "Sabah" kimi komandalarla qarşılaşmada xal itirməsi ümumi prosesə mane olmurdu. Çempionatda məğlubiyyətin və ya heç-heçənin olması rəqibin "Sabah", "Kəpəz" və ya "Şamaxı" olmasından asılı olmayaraq o zamanlar xüsusi əhəmiyyət daşımırdı. Amma artıq elə bir vəziyyət yaranıb ki, "Sabah" hal-hazırda "Qarabağ"ın ən əsas rəqibidir".

Müsahibimizin fikrincə, "Sabah" gücləndiyi halda, "Qarabağ" müxtəlif səbəblərdən Çempionlar Liqasındakı iştirak, transfer siyasətinin düzgün həyata keçirilməməsi və digər amillər nəticəsində zəifləməyə başlayıb:

"Artıq rəqibə köklənmək daha çətindir, çünki "Sabah" daha yaxşı heyət yığıb, daha təcrübəli və möhkəm komandaya çevrilib. Məhz bu amillər belə bir seriyanın yaranmasına səbəb olur. Əvvəllər "Qarabağ" "Sabah"la xal itkisini ciddi qəbul etmirdi, lakin indi artıq rəqibinə güc gələ bilmir. Bu bir reallıqdır: "Sabah" həm nəticə, həm də nümayiş etdirdiyi oyun baxımından hazırda çempionatın ən yaxşı komandasıdır. Onu ciddi qəbul etməyənlər, "Qarabağ"ın timsalında olduğu kimi, bunun nəticəsini görürlər. Burada "Sabah"ın yaxşı komanda olması ilə yanaşı, əsas məsələ həm də "Qarabağ"dadır. Çünki "Qarabağ" zəifləyib. Bu mövsüm klub həm öz tarixində, həm də Azərbaycan futbol tarixində ən böyük uğura imza ataraq Çempionlar Liqasında ilk 24-lüyə daxil oldu və pley-off mərhələsinə yüksəldi. Bir Azərbaycan klubu üçün bundan artığını təsəvvür etmək çətindir, bu bir möcüzədir. Lakin bu yüklənmə və qazanılan uğur komandanın həddindən artıq gücünü aldı: heyət həm psixoloji, həm fiziki, həm də funksional olaraq yoruldu. Ehtiyat qüvvənin yetərsizliyi və transfer siyasətindəki yanlışlıqlar "Qarabağ"ın zəifləməsinə və "Sabah"a rəqib ola bilməməsinə gətirib çıxardı. Bu seriyanın qırılması üçün "Qarabağ" mütləq güclənməlidir".

Onun sözlərinə görə, kənardan azarkeşlərə "Qarabağ onsuz da güclüdür" kimi görünsə də, reallıq fərqlidir:

""Qarabağ" hazırda "Sabah"dan güclü deyil. Bu seriyaya son qoymaq üçün daha yaxşı futbolçular transfer edilməli və komanda keyfiyyətcə yeni səviyyəyə qalxmalıdır".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью