Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Birinci Qarabağ müharibəsinin ən ağır günlərində Türkiyə Azərbaycana təkcə siyasi deyil, hərbi dəstək də verirdi. O dövrə aid nadir fotolar bu əməkdaşlığın tarixini bir daha xatırladır.
Azpost.info-nun “FOTOXRONİKA” layihəsinin növbəti buraxılışında 1992–1993-cü illərdə Qarabağ cəbhəsində çəkilmiş unikal fotolar təqdim olunur. Kadrlarda Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri – korgeneral Engin Alan və tumgeneral Aydoğan Aydın Azərbaycan hərbçisi Elxan Məmmədovla birlikdə ön xətdə döyüş şəraitini qiymətləndirirlər. Digər fotoda isə Engin Alan ümummilli lider Heydər Əliyevlə bir arada əks olunub.
Birinci Qarabağ müharibəsinin ilk illərində Türkiyədən göndərilən hərbi mütəxəssislər Azərbaycan Ordusunun formalaşdırılmasında, hərbi hazırlığın gücləndirilməsində və döyüş planlarının hazırlanmasında mühüm rol oynayıblar. Onlar təkcə qərargahlarda deyil, cəbhə bölgələrində də fəaliyyət göstərərək Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə çalışıblar.
Hazırda 80 yaşı olan Engin Alan Türkiyənin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı olub. 1992-ci ildə general rütbəsi alan Alan bir müddət Türkiyənin Moskvadakı səfirliyində hərbi attaşe kimi çalışıb, daha sonra isə Azərbaycana göndərilərək ölkəmizdə hərbi attaşe vəzifəsini icra edib.
Türkiyə mediasına verdiyi müsahibələrdə Engin Alan Azərbaycandakı xidmət illərini qürurla xatırlayıb: “Türkiyə mənim üçün nədirsə, Azərbaycan da odur. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ordusunun qurulmasına xidmət etmişəm. Ermənilərin hücumlarına qarşı ‘Rüzgar Birliyi’ni yaratdıq.”
Engin Alan hərbi karyerası ərzində PKK terror təşkilatına qarşı keçirilən çoxsaylı əməliyyatlara rəhbərlik edib. O, 1974-cü ildə Kipr Hərəkatının iştirakçısı olub, 1999-cu ildə PKK lideri Abdullah Öcalanın və Şemdin Sakıkın yaxalanması əməliyyatında Türkiyə xüsusi təyinatlılarına komandanlıq edib.
2012-ci ildə “Balyoz” işi çərçivəsində həbs edilərək 18 il azadlıqdan məhrum olunsa da, bir il sonra bəraət alaraq azadlığa buraxılıb. Sonradan Türkiyə Böyük Millət Məclisinin İstanbuldan deputatı seçilib.
Fotoda yer alan digər türk zabiti – tumgeneral Aydoğan Aydın da Azərbaycanın yaxın dostlarından biri kimi xatırlanır. O, 1992-ci ildən etibarən Qarabağda Engin Alanla birlikdə xidmət edib və Azərbaycan Ordusunun formalaşmasına töhfə verən zabitlərdən olub.
Aydoğan Aydın sonralar Türkiyənin Xüsusi Təyinatlı Qüvvələrində yüksək vəzifələrdə çalışıb. O, 31 may 2017-ci ildə Şırnak vilayətində baş vermiş helikopter qəzasında, cəmi 50 yaşında şəhid olub.
Bu nadir fotolar Türkiyə ilə Azərbaycanın hərbi qardaşlığının yeni tarixdə necə formalaşdığını, ən ağır günlərdə belə türk hərbçilərinin Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirən qiymətli tarixi sənədlərdir.
FOTO: Engin Alan.
FOTO: Şəhid general Aydoğan Aydın