Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 7-də keçirilmiş parlament seçkilərində Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının təkrar qələbə qazanması Ermənistanda Qarabağda ləğv edilmiş qondarma rejimin qalıqlarına ciddi zərbə vurub.
Seçkilərdə revanşist müxalifətin məğlub olması Qarabağdan qaçıb Ermənistanda gizlənən separatçı dəstə üzvlərini daha da pərakəndə duruma salıb. Robert Köçəryanın, ya da Samvel Karapetyanın timsalında hakimiyyətə gələcəyinə, ermənilərin kütləvi Qarabağa köçürüləcəyinə və uydurma rejimin fəaliyyətini bərpa edəcəyinə dair xülyalara son qoyulub.
Bunun ilk təsiri özünü qondarma rejimin “parlament”inin sədri adlandıran Aşot Danielyanın istefa verməsində göstərdi. Samvel Şahramanyandan sonra başsız qalmış separatçı ünsürlərə müvəqqəti olaraq Danielyan rəhbərlik edirdi.
Lakin parlament seçkilərində “Qarabağ hərəkatı”na son qoymağı təklif edən və Azərbaycanla sülh müqaviləsinin tərəfdarı olan Nikol Paşinyanın qələbəsi separatçıların son ümidlərinə nöqtə qoydu.
Real vəziyyəti nəzərə alan Aşot Danielyan boş yerə vaxt itirməyin mənasız olduğunu anlayıb, iyulun 2-də qondarma postundan istefa verdi. Bununla, qondarma rejimin qalıqları arasında pərakəndəlik daha da artıb.
“Hraparak” qəzetinin yazdığına görə, “parlament”in ən böyük fraksiyası olan “Azad Vətən” Partiyası adlı separatçı dəstə üzvlərinin heç biri Nikol Paşinyanın hədəfinə çevrilməmək üçün uydurma rejimin rəhbərliyinə öz namizədliyini irəli sürmək istəmir.
“Bakıda həbsdə olan Arayik Harutyunyanın komanda yoldaşlarının çoxu Ermənistanda, hökumət və ya hökumətyönlü qurumlarda iş tapıblar. Məsələn, həmin fraksiyadan olan Aram Harutyunyan “Armeconombank”ın filiallarından birinin meneceridir. Əgər o, “Artsax dövlət institutu”nun qorunmasına yönəlmiş addım atsa, işindən məhrum ediləcək”,-deyə adıçəkilən nəşr qeyd edir.
“Hraparak”-ın məlumatına görə, Xocalı qatili, qondarma rejimin Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan və onun komanda yoldaşları bu məsələyə daha sədaqətlə yanaşırlar. Lakin “Azad Vətən” başqa fraksiyadan olan Samvel Babayanın bu posta gəlməsinə razı deyil.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin