Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq diplomatik mövqeyinin möhkəmləndirilməsi və Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın 2024–2026-cı illərdə təşkilata sədrlik etməsi ölkənin çoxtərəfli diplomatiyada rolunu artırmaqla yanaşı, müxtəlif güc mərkəzləri ilə münasibətləri balanslaşdırmaq üçün əlavə imkanlar yaradır. AQEM-in institusional inkişafı, Orta Dəhlizin genişləndirilməsi, rəqəmsallaşma və yeni iqtisadi tərəfdaşlıqların qurulması da sammitin əsas istiqamətlərindəndir. Görüş çərçivəsində əldə ediləcək razılaşmaların konkret layihələrə çevrilməsi Azərbaycanın tranzit imkanlarına və investisiya cəlbediciliyinə müsbət təsir göstərə bilər.
Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın regional proseslərdə qazandığı yeni siyasi mövqenin və dəyişən beynəlxalq reallıqlara yanaşmasının ifadəsidir. Onun sözlərinə görə, çıxışda tarixi münaqişənin təcrübəsi ilə yanaşı, qlobal idarəçilik sisteminin əsas problemlərindən biri olan beynəlxalq qərarların icrası məsələsi ön plana çıxır: “Azərbaycanın Qarabağ münaqişəsini öz imkanları hesabına həll etməsi beynəlxalq münasibətlərdə güc, hüquq və siyasi iradə arasındakı əlaqəni yenidən gündəmə gətirdi. Bu təcrübə göstərdi ki, diplomatik proseslər konkret nəticələrlə tamamlanmadıqda münaqişələrin həlli uzanır, mövcud ziddiyyətlər isə daha mürəkkəb təhlükəsizlik problemlərinə çevrilir.
Çıxışın mühüm siyasi istiqamətlərindən biri müharibədən sonrakı mərhələnin mahiyyəti ilə bağlıdır. Azərbaycan hərbi üstünlüyünü yeni qarşıdurmanın davam etdirilməsinə deyil, sülh gündəliyinin irəlilədilməsinə yönəldir. Bu mərhələdə əsas məsələ əldə olunmuş reallıqların qəbul edilməsi, qarşılıqlı etimadın formalaşdırılması və regionda uzunmüddətli sabitliyin siyasi əsaslarının yaradılmasıdır.
AQEM platformasına verilən diqqət isə Azərbaycanın xarici siyasətinin daha geniş coğrafi miqyasını əks etdirir. Asiya və Avropa arasında nəqliyyat, enerji və iqtisadi əlaqələrin inkişafı ölkəmizin geostrateji əhəmiyyətini artırmaqla yanaşı, regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində institusional inkişaf və praktiki əməkdaşlıq istiqamətlərinin önə çəkilməsi də çoxtərəfli diplomatiyanın xarici siyasətdəki rolunu göstərir”.
Deputat qeyd edib ki, çıxışın siyasi məzmunu iki əsas xətt üzrə formalaşır:
“Azərbaycanın münaqişədən sonrakı reallıqlarının beynəlxalq müstəvidə təqdim edilməsi və ölkənin regional bağlantılar, təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq sistemində rolunun genişləndirilməsi. Bu yanaşma Azərbaycanın gələcək diplomatik gündəliyində suverenlik, sülh və geoiqtisadi əməkdaşlıq məsələlərinin qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini göstərir”.