Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Bu gün "Qarabağ” - "Tvente” qarşılaşması olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Komandalar arasında Niderlandda keçirilmiş ilk görüş "Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, ağır matç olacaq:
"Təbii ki, ağır matç olacaq. Çünki birinci oyundakı məğlubiyyət "Tvente” klubuna çox pis təsir edib. Rəqib evdəki matçda üstünlük əldə edərək Bakıya daha rahat gəlmək istəyirdi. Amma alınmadı. Çünki "Qarabağ” daha ağıllı davrandı və rəqibi əks-hücumlarda yaxalayaraq qol vurdu. Daha sonra "Qarabağ” müdafiəyə çəkilərək hesabı qorudu”.
O qeyd edib ki, i "Tvente” psixoloji və fiziki cəhətdən yaxşı vəziyyətdə deyil:
"”Tvente” klubunun itirəcəyi bir şey yoxdur. Baş məşqçi istefa astanasındadır, klubdaxili problemlər var, azarkeşlər komandanın çıxışını bəyənmirlər. Çünki "Tvente” ötən mövsüm Niderland çempionatında 4-cü yeri tutmuşdu. Amma həmin nəticə də bir növ bəxtə-bəxt olmuşdu. "Ayaks” kimi komandaların uğursuzluqları olmasaydı, "Tvente” heç ilk beşlikdə də olmayacaqdı və avrokuboklara da getməyəcəkdi. Heç avrokuboklarda da yaxşı çıxış etmirlər. Yəni "Tvente” psixoloji və fiziki cəhətdən yaxşı vəziyyətdə deyil. Amma elə oyunçuları var ki, ən kiçik şansdan yararlanaraq oyunun nəticəsini həll edə bilərlər. Ona görə də ehtiyatlı olmaq lazımdır”.
"Düşünürəm ki, "Qarabağ” bu dəfə sırf müdafiəyə çəkilərək oyunu həll etməkdə çətinlik çəkəcək. Çünki rəqib komanda səhvlərindən nəticə çıxarıb. Startda hücum edərək, presinq nümayiş etdirib qol vuraraq hesab arasındakı fərqi 2-yə qaldırdıqdan sonra oyunu əks-hücumlardan qorumaq olar. "Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında yaxşı oyun nümayiş etdirərək əsas mərhələyə yüksələcək”,-deyə şərhçi vurğulayıb.
Şahanə Ziyad