“Qarabağ”: üçü getdi, neçəsi qaldı?

24.05.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Qarabağ” mövsümü başa vuran kimi üç futbolçu ilə yollarını ayırdığını açıqladı. Söhbət Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmaedən gedir.
Addai çempionata gəlmiş ən təzadlı futbolçulardan biri kimi yadda qaldı. Texnikası, sürəti olsa da, futbol savadı olduqca zəifdi. Qərar verməklə bağlı da ciddi problemləri var idi. Amma komanda başdan-başa dəyişirsə, Addainin göndərilməsi doğru qərar idi. O, bu mövsüm çempionatda 29 oyuna çıxdı, 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qaldı.
Ramil Şeydayevin üçüncü “Qarabağ” karyerası heç də uğurlu alınmadı. Qurban Qurbanov bu dəfə onun əvvəlki performansını bərpa etdirə bilmədi. Düzdü, son oyunda çox yaxşı oynadı, 2 qol vurdu, 1 məhsuldar ötürmə ilə yadda qaldı. Lakin artıq qərar verilmişdi, bir sözlə “qatarı getmişdi”. Şeydayevin bu mövsüm vurduğu qollar elə son turda idi - 10 oyun, 2 qol.
Sami Mmaenin gedəcəyi isə artıq qışdan məlum idi. İcarə əsasında “köhlən atlar”ın şərəfini qoruyan Sami intizam probleminə görə əsas komandadan qovulan ilk futbolçu idi. Gedişi gözlənilən idi.
Amma bir məqam da var: yəqin ki, gedənlərin sırası bu üç futbolçu ilə məhdudlaşmayacaq. Bunlar “Qarabağ”ın istəmədikləri idi. Elvin Cəfərquliyevlə Abbas Hüseynov da gedəcək. Abbasın müqaviləsinin müddəti də başa çatır. Bundan sonra gedəcəklər isə futbolçulara gələn təkliflərə bağlıdı.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью