Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qarabağ Azərbaycanımın şah əsərinə çevrilməkdədir. Burada sürətlə gedən bərpa-quruculuq işləri göz önündədir. Bu barədə ölkə mediası geniş təsəvvür yaradır. Mən isə bir müəllim kimi azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işləri izləyir, fərəhlənirəm.
İlk növbədə, Qarabağ Universiteti ilə bağlı bütün xəbərləri, yenilikləri gözdən qaçırmıram. Çünki qısa müddət ərzində belə müasir təhsil ocağının qurulması Qarabağı xalqın gələcəyi ilə bağlı önəmli fəaliyyət sahəsində ön mövqeyə çıxarmağa, bölgənin elmi-mədəni potensialını yüksəltməyə xidmət edib.
Bu yaxınlarda Xankəndidə, Qarabağ Universitetində iştirakçıların xarici dil bacarıqlarını və natiqlik qabiliyyətlərini əyləncəli şəkildə sərgilədikləri maraqlı bir toplantıya dəvət almışdım. Salonda çox qürurla oturmuşdum. Fərəhimdən az qala, qışqırmaq istəyirdim: “Biz qayıtmışıq, biz Xankəndidəyik!”
Qarabağ Universiteti ilə tanışlıq zamanı Beynəlxalq Dil Mərkəzində aparılan işlər, keçirilən tədbirlər, tələbələrə olan qayğı və yanaşmalara heyran qaldım. Mərkəzin direktoru Ramil Hacıyevin ətrafında fəaliyyət göstərən heyətin səmimi, mehriban ailə mühitini xatırladan birliyini görmək qürurverici idi. Burda gənclərimiz müxtəlif əcnəbi dilləri həvəslə öyrənirlər.
Bir daha əmin olursan ki, zəmanəmizdə dünya çox kiçilib. Biznes, elm, texnologiya, mədəniyyət sərhəd tanımır. Aparıcı xarici dilləri bilməyənlər belə bir dövrdə döyüşdə silahsız əsgərə bənzəyir. Daha çox dil bilmək daha çox imkan, daha geniş dünyagörüşü deməkdir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətə, multikulturalizmə, yeni imkanlara — bir sözlə, dünyaya açılan qapıdır.
Amerikalı politoloq Tomer Devey yazırdı ki, bir dil bilərsən bir qapı açarsan, iki dil bilərsən, iki qapı açarsan, üçüncü dili bilsən, artıq dünyanın qapıları sənin üzünə açılar. Fridrix Nitsşe isə deyirdi: “Fərqli dil, həyata fərqli baxışdır”. Qarabağda ali təhsil alan gənclərimizin çox dil bilməsi gələcəkdə bu regionu beynəlxalq arenada layiqincə təmsil etmələri deməkdir.
Mərkəzdə Ramil Hacıyev başda olmaqla, Aygün Əkbərova, Günay Təhməzova, Gülçöhrə Fərhadova, Gülnarə Paşayeva və Aybəniz Növrəsli kimi müəllimlər məhz buna çalışırlar. Qarabağ Universitetinin kollektivi Prezident İlham Əliyevin apardığı siyasəti rəhbər tutaraq, şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda xalqımızın xoşbəxt və azad gələcəyi üçün böyük həvəs və fədakarlıqla çalışırlar. Bütün bunlar Vətən qurbanlarının ruhunu şad edir.
Aybəniz RÜSTƏMOVA,
Bakı şəhərindəki 47 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi