Modern.az saytına istinadən Icma.az xəbər verir.
“İşğaldan azad olunmuş ərazilərdə dörd yeni peşə təhsili müəssisəsi yaradılır”
Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Peşə Təhsili Forumu 2026 tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə peşə təhsili müəssisələrinin infrastrukturunun yenilənməsi, yeni emalatxanaların yaradılması və regionlarda təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülüb:
“Bu müddət ərzində müəssisələrimizdə yenidənqurma və əsaslı təmir işləri həyata keçirmişik. Digər peşə təhsili müəssisələrimizdə isə 46 yeni emalatxananın qurulmasını təmin etmişik.
Son illərdə inşa olunan Cəbrayıl, Bərdə və Lənkəran Dövlət Peşə Təhsili Mərkəzlərinin açılışında Prezident şəxsən iştirak edib. Bu, ölkə rəhbərliyinin peşə təhsilinə göstərdiyi diqqətin əyani nümunəsidir.
Bizim üçün ən əlamətdar məqamlardan biri də odur ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında tikilmiş və tikilməkdə olan dörd yeni peşə təhsili müəssisəmiz var. Bu müəssisələr Füzuli, Şuşa, Zəngilan və Kəlbəcər şəhərlərində yerləşir.
İşğaldan azad olunmuş torpaqlarda həyatın və əməyin bərpası prosesinin bir hissəsi olmaq bizim üçün xüsusilə qürurvericidir”.