Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma inkişaf strategiyasının əsas sütunlarından biridir ŞƏRH

02.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi icra olunur. Bu proses yalnız dağıdılmış infrastrukturun yenidən qurulmasını deyil, eyni zamanda, tarixi-mədəni irsin qorunmasını, milli memarlıq ənənələrinin bərpasını və müasir şəhərsalma prinsiplərinin tətbiqini əhatə edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks bərpa siyasəti regionların uzunmüddətli və dayanıqlı inkişafını təmin etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi, mədəni və sosial həyatına tam reinteqrasiyasını hədəfləyir.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma işləri vahid dövlət proqramları çərçivəsində, müasir planlaşdırma və idarəetmə mexanizmlərinə əsaslanır. Regionda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonasının yaradılması, müasir nəqliyyat və kommunikasiya infrastrukturunun qurulması bərpa prosesinin əsas istiqamətlərini təşkil edir. Yeni yaşayış məntəqələri sosial təyinatlı obyektlərlə – məktəblər, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri və inzibati binalarla paralel şəkildə inşa olunur. Bu yanaşma əhalinin mərhələli qayıdışını təmin etməklə yanaşı, regionda rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yüzlərlə tarixi, dini və mədəni abidə dağıdılıb və ya ciddi şəkildə zədələnib. Azadlıqdan sonra bu abidələrin bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Xüsusilə Şuşa şəhərində aparılan bərpa işləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyətinin mərkəzlərindən biri olan Şuşada Yuxarı Gövhər Ağa və Saatlı məscidləri, Natəvanın evi, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri bərpa edilərək yenidən istifadəyə verilib. Şəhərin tarixi simasının qorunması ilə yanaşı, mədəni həyatın canlandırılması istiqamətində ardıcıl addımlar atılır. Ağdam Cümə məscidinin bərpası isə işğalın mədəni irsə vurduğu zərərin aradan qaldırılmasının rəmzi nümunələrindən biri kimi dəyərləndirilir. Eyni zamanda, Zəngilan, Füzuli, Cəbrayıl və Laçın rayonlarında yerləşən türbələr, körpülər və digər tarix-memarlıq abidələri inventarlaşdırılaraq mərhələli şəkildə bərpa olunur”, - deyə deputat qeyd edib.

Aydın Hüseynov bildirib ki, regionda inşa olunan yeni obyektlərdə müasir memarlıq həlləri milli memarlıq üslubu ilə vəhdət təşkil edir. Belə ki, layihələrdə Qarabağ memarlıq məktəbinin elementlərindən, yerli təbii materiallardan və ətraf mühitə uyğun dizayn prinsiplərindən geniş istifadə olunur. Onun sözlərinə görə, bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafında mədəni turizmin, yaradıcılıq və xidmət sahələrinin genişlənməsi üçün əlverişli zəmin yaradır: “Şuşada beynəlxalq festivalların, musiqi tədbirlərinin və mədəni forumların keçirilməsi regionun mədəni potensialının bərpasının bariz göstəricisidir. Tarixi-mədəni irsin bərpası və müasir yaşayış mühitinin yaradılması əhalinin doğma yurdlarına qayıdışını sürətləndirir, sosial sabitliyi və icma münasibətlərini möhkəmləndirir. Eyni zamanda, bu proses regionda yeni iş yerlərinin yaradılmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və iqtisadi aktivliyin artmasına şərait yaradır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma və bərpa işləri Azərbaycanın postmünaqişə dövrü inkişaf strategiyasının əsas sütunlarından biridir. Tarixi-mədəni irsin qorunması, milli memarlıq ənənələrinin yaşadılması və müasir şəhərsalma yanaşmalarının tətbiqi regionun dayanıqlı inkişafını təmin edən vahid model formalaşdırır. Bu model Qarabağın və Şərqi Zəngəzurun yaxın perspektivdə ölkənin iqtisadi və mədəni həyatında aparıcı mövqelərdən birini tutacağını deməyə əsas verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью