Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi əsasında nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabı oxuculara təqdim olunub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, 52 antiterror şəhidinin respublikamızın müxtəlif guşələrindən gəlmiş ailə üzvləri, eləcə də media mənsubları iştirak edirdilər.
Bədii-sənədli kitabın rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Qarabağ zəfərimizlə bağlı olan kitabların aktuallığından, bu işə verilən töhfənin əhəmiyyətindən danışıb, lokal antiterror tədbirlərinə dair “23 saat 43 dəqiqə” kitabının məziyyətlərindən bəhs edib.
YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov dövlətin daim şəhid ailələrini, qaziləri diqqətdə saxladığını və bunun əsas prioritetlərdən olduğunu, salnamə xarakterli bu cür kitabların isə gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Qısa müddətdə və böyük zəhmət bahasına ərsəyə gətirilən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, şeir nümunələrinin müəllifi Nigar Həsənzadə, naşiri isə Akif Şahbazovdur.
Varis Yolçuyev çıxışında bildirib ki, kitabda Vətən müharibəsindən sonra, 2023-cü il sentyabr ayının 19–20-də keçirilmiş lokal antiterror tədbirlərini zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişatı, Azərbaycan Prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan Ordusu xüsusi təyinatlılarının və komandoların misilsiz şücaəti geniş yer alıb. Xankəndiyə üçrəngli bayrağın sancılması, oradakı Zəfər paradı, Yevlaxdakı reinteqrasiya görüşləri, eləcə də əməliyyata dünya siyasətçilərinin, hərbi ekspertlərin və beynəlxalq medianın verdiyi qiymət, böyük Zəfərimizin sayəsində Qafqazın siyasi düzəninin tam dəyişməsi kimi amillər öz əksini tapıb. Əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri də maraq kəsb edir.
Qeyd olunub ki, antiterror əməliyyatı zamanı həlak olmuş hərbçimizin ailə üzvlərinin həmmüəlliflər qismində duyğu və düşüncələri, şəhidlərin həyat hekayətini təqdim etmələri də kitabın məziyyətlərini artıran təsirli səhifələrdir.
Təqdimat mərasimində antiterror şəhidlərindən Ruslan Lalayevin atası Akif Lalayev, Aqil Əkbərovun atası Fayəddin Əkbərov, Mikayıl Həmidlinin anası Lalə Həmidova, Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı, Elxan Nəcəfinin həyat yoldaşı Əsmayə Nəcəfi, Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova çıxış edib, bu dəyərli nəşrə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, AYB Ədəbiyyat Fonduna və müəllifə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına “23 saat 43 dəqiqə” kitabının nüsxələri hədiyyə edilib.
Ə.DOSTƏLİ
XQ