Qarabağ Zəfəri qətiyyətin, milli iradənin təntənəsidir

08.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası 8 Noyabr Zəfər Günü münasibətilə tədbir təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir çərçivəsində Bornova Azərbaycan Dostluq Parkında yerləşən Xocalı abidəsi ziyarət olunub, şəhidlər yad edilib.

Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfərin ildönümü münasibətilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, bu Zəfərin Türk dünyası üçün daşıdığı əhəmiyyət bir daha vurğulanıb.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna Qarabağın işğaldan azad olunmasına aparan yoldan, verilən mübarizədən və 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb.

Tuna Qarabağ Zəfərinin arxasında Azərbaycan xalqının illərlə davam edən səbrinin, inamının və Vətən sevgisinin dayandığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu siyasi iradəyə diqqət çəkib.

Qarabağın azadlığının böyük qətiyyət, güclü dövlət iradəsi və xalqın birlik ruhu sayəsində mümkün olduğunu vurğulayan Eşref Tuna bu Zəfərin gələcək nəsillərə ötürülməli olan tarixi miras olduğunu qeyd edib.

Jurnalist Nigar Ögeday Qarabağ Zəfərinin yalnız Azərbaycanın hərbi və siyasi uğuru kimi qiymətləndirilməməli olduğunu bildirərək, bu Zəfərin bütün Türk dünyasının ortaq qüruru olduğunu söyləyib.

O, Qarabağın azad olunmasının Türk millətinin tarix boyu daşıdığı birlik və həmrəylik ruhunun güclü göstəricisi olduğunu ifadə edib.

“Qarabağ Zəfəri Azərbaycanın Zəfəridir. Ancaq bu Zəfər eyni zamanda bütün Türk dünyasının Zəfəridir. Çünki Qarabağın azadlığı Türk millətinin ortaq yaddaşında, ortaq vicdanında və ortaq qürurunda öz yerini tutub. Birimizin sevinci hamımızın sevincidir, birimizin Zəfəri hamımızın Zəfəridir”.

Nigar Ögeday Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın yalnız sözlərlə deyil, çətin günlərdə göstərilən həmrəyliklə də öz təsdiqini tapdığını vurğulayaraq, Türk dünyasının ortaq tarixinə və gələcəyinə sahib çıxmasının vacibliyini qeyd edib.

Digər çıxışlarda da Qarabağın azad olunmasının yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının tarixində mühüm dönüş nöqtəsi olduğu vurğulanıb.

Nərgiz Məmmədli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью