Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən müharibəsində Azərbaycanın qələbəsi 30 il dondurulmuş “status-kvo”ya son qoydu
1992-ci il mayın 8-də işğala məruz qalan, 2020-ci il noyabrın 8-də yağılardan təmizlənən Şuşa, əslində, Zəfərin əsas simvollarından biri sayılır. İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın Cənubi Qafqazda geosiyasi subyektlik iyerarxiyasını yenidən sıraladı, regionun beynəlxalq sistemdəki funksiyasını dəyişdi və onilliklər boyu sabit sayılan qüvvələr balansını dağıtdı.
Zəfər uzunmüddətli dövlət strategiyasının, iqtisadi potensialın hərbi-siyasi iradəyə çevrilməsinin və beynəlxalq kontekstin düzgün oxunmasının məntiqi nəticəsi idi. Bu strategiyanın memarı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oldu. Məhz onun siyasi iradəsi, ardıcıl şəkildə qorunan prinsipial mövqeyi və beynəlxalq arenada apardığı sistemli diplomatik fəaliyyəti müharibə şəraitində qərar qəbuletmə mexanizminin dayanıqlılığını təmin etdi.
Dövlət başçısının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi soyuqqanlılıq, məlumatlandırma siyasətinin şəffaflığı və beynəlxalq ictimaiyyətə ünvanlanan ardıcıl mesajlar cəmiyyətdə milli birlik mühitini möhkəmləndirdi, ordunun döyüş ruhunu və dövlət aparatının əlaqələndirilmiş fəaliyyətini təmin etdi. Zəfərin hərbi nəticəsi ilə siyasi nəticəsi arasında körpü quran məhz bu idarəetmə keyfiyyəti oldu.
Şuşanın azadlığına istinadla dilə gətirdimiz Zəfərdən sonra yaranan ilk reallıq suverenlik anlayışının məzmunca dəyişməsi oldu. Ərazilərin işğaldan azad edilməsi hüquqi suverenliyi faktiki suverenliyə çevirdi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat isə hərbi qələbəni hüquqi-siyasi çərçivəyə salan sənəd kimi çıxış etdi. 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri və separatçı strukturun özünü ləğv etməsi prosesi bu məntiqi tamamladı.
Ərazi bütövlüyü inzibati-hüquqi müstəvidə də bərpa olundu, regionda "de-fakto rejimlər" modelinin Cənubi Qafqazda artıq işləmədiyi göstərildi və oxşar strukturlar üçün presedent yarandı. Bu addımların lokallığı, müddətinin qısalığı və mülki əhalinin təhlükəsizliyinin prioritet kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin siyasi qərar qəbuletmə üslubunun xarakterik cəhəti kimi çıxış etdi – qarşıya konkret hədəf qoyulur, həlli üçün minimal resurs sərf olunur və nəticə beynəlxalq ictimaiyyətə aydın şəkildə izah edilir.
***
Bu gün dünyanın nüfuzlu hərbi akademiyalarında fenomenal Şuşa əməliyatının taktiki incəlikləri öyrənilir. Məhz bu uğurlu əməliyyatın timsalınmda Azərbaycanın hərbi-texniki və strateji müstəqilliyi gücləndi. Təkcə xüsusi təyinatlıların yeni döyüş taktikası deyil, müasir pilotsuz sistemlərin, kəşfiyyat-vurucu komplekslərin və hibrid taktikanın tətbiqi kiçik və orta ölçülü dövlətlərin də yüksək texnologiyalı müharibə apara bilməsi tezisini praktikada təsdiqlədi və beynəlxalq hərbi nəzəriyyədə "texnoloji asimmetriya" müzakirələrinə birbaşa töhfə oldu. Ordunun modernləşdirilməsi prosesinə onilliklər boyu davamlı dəstək verilməsi, müdafiə sənayesinin qurulması və hərbi kadr hazırlığına investisiya qoyulması məhz dövlət başçısının prioritetləri sırasında yer alırdı və 2020-ci ilin nəticələri bu uzunmüddətli yanaşmanın praktik qiyməti oldu.
Regional güc balansında baş verən dəyişiklik iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında əməkdaşlığın müttəfiqlik mərhələsinə keçidini şərtləndirdi. Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırılan münasibətlər Cənubi Qafqazda ilk dəfə olaraq formal-hüquqi müttəfiqlik formatı yaratdı və Türkiyənin regionda "daxili balanslaşdırıcı" statusuna keçidini simvolizə etdi. Türk dünyası inteqrasiyası isə bu prosesə mədəni-siyasi ölçü qatdı.
Eyni zamanda, dövlətimizin başçısı Rusiya ilə praqmatik dialoqu saxlayaraq iqtisadi və nəqliyyat əlaqələrini kəsmədi, regionda sabitliyin qorunması üçün məsuliyyətli mövqe nümayiş etdirdi. Bu tarazlıq siyasəti sayəsində Azərbaycan müharibədən sonrakı dövrdə heç bir böyük gücün təsir alətinə çevrilmədi, əksinə, öz maraqlarını müstəqil şəkildə formalaşdıran aktor kimi mövqeyini möhkəmləndirdi. Zəfərdən sonra Azərbaycan diplomatiyasının əsas xüsusiyyəti çoxvektorluluğun institusionallaşmasıdır. Bakı eyni vaxtda Türkiyə ilə müttəfiqlik, Rusiya ilə praqmatik qonşuluq, Avropa İttifaqı ilə enerji və nəqliyyat tərəfdaşlığı, ABŞ ilə strateji dialoq, Çin və Mərkəzi Asiya ilə tranzit əməkdaşlığı aparır.
Ermənistanla münasibətlərdə əsas xətt "münaqişənin idarə edilməsindən" "münasibətlərin normallaşdırılmasına" keçid oldu. Sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsip kimi qəbul edilməsi – bütün bunlar ərazi iddialarının hüquqi əsassızlığının dolayı etirafıdır. Bu prosesdə Azərbaycan tərəfinin mövqeyi dövlət başçısı tərəfindən aydın şəkildə formalaşdırıldı: sülh imzalanmalıdır, lakin bu sülh ərazi bütövlüyü və suverenlik prinsipləri üzərində qurulmalıdır. Prezident İlham Əliyevin sülh gündəmini şəxsən irəli sürməsi və beynəlxalq tərəfdaşlarla bu istiqamətdə koordinasiyalı fəaliyyəti Bakının regionda sülhün əsas təşəbbüskarı kimi çıxış etməsini təmin etdi.
***
Zəfər Azərbaycanın daxili siyasi həyatında legitimliyin əsas mənbələrindən birinə çevrildi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, "Böyük Qayıdış" proqramı, yeni infrastruktur və iqtisadi zonaların yaradılması zəfərin institusional davamıdır. Eyni zamanda, bu proses Azərbaycanın iqtisadi diversifikasiyası üçün unikal imkan yaradır, aqrar-sənaye, turizm, yaşıl enerji və logistika sektorları yeni inkişaf vektorları kimi formalaşır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri, orada keçirilən beynəlxalq tədbirlər və açılış mərasimləri zəfərin simvolik məzmununu gündəlik həyatın reallığına çevirir.
Bütün bunlar bir yerdə götürüldükdə, İkinci Qarabağ zəfərinin yaratdığı geosiyasi reallıq bir-birini tamamlayan bir neçə prinsip üzərində dayanır: güc və hüququn vəhdəti, yəni beynəlxalq hüquq normalarının yalnız faktiki güc balansı ilə dəstəkləndikdə işləməsi; Cənubi Qafqazda tək hegemonluq dövrünün bitməsi və regionun çoxsaylı aktorların rəqabət və əməkdaşlıq sahəsinə çevrilməsi; coğrafiyanın siyasi kapitala çevrilməsi, yəni tranzit dəhlizləri, enerji marşrutları və logistika qovşaqlarının dövlətlərin danışıq gücünün əsas alətinə çevrilməsi; nəhayət, sülhün iqtisadi əsaslandırılması – davamlı sülhün hərbi tarazlıqla deyil, qarşılıqlı asılılıq və ortaq iqtisadi maraqlarla təmin olunması.
8 Noyabr təqvimə həm də Şuşa Şəhəri Günü kimi düşüb. Zəfərin gətirdiyi bu yeni təsnifat doğma yurdlarına qayıdan keçmiş köçkünlər tərəfindən xüsusi şövqlə qeyd olunur. Hazırda işğaldan sonrakı mərhələni xarakterizə edən regional aktuallaşma prosesin idarə olunmasında Prezident İlham Əliyevin liderliyi həlledici rol oynayır. Azərbaycanın qarşısında duran strategiya isə aydındır: hərbi qələbəni iqtisadi və diplomatik üstünlüyə çevirmək, regionda təhlükəsizlik istehlakçısından təhlükəsizlik istehsalçısına çevrilmək və Cənubi Qafqazı qlobal iqtisadi sistemin funksional hissəsinə inteqrasiya etmək.
Sevda ƏLİYEVA,
siyasi elmlər doktoru