Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı ŞƏRH

05.11.2026

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın müasir tarixində elə hadisələr vardır ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, milli yaddaşın, dövlətçilik ənənələrinin və gələcək nəsillərin dünyagörüşünün formalaşmasına da təsir göstərir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu qələbə 44 günlük Vətən müharibəsinin kulminasiya nöqtəsi, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Silahlı Qüvvələrimizin hərbi qüdrətinin təntənəsi oldu. Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan mübarizənin ən parlaq səhifələrindən biri kimi tarixə yazıldı.

Şuşa Azərbaycan xalqı üçün sadəcə coğrafi məkan deyil, milli kimliyimizin, tarixi yaddaşımızın, mədəniyyətimizin və mənəvi dəyərlərimizin rəmzidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu Azərbaycan ədəbiyyatının, musiqisinin, memarlığının və ictimai fikir tarixinin inkişafında müstəsna rol oynayıb. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın və digər görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan Şuşanın işğalı xalqımızın mənəvi dünyasına vurulmuş ağır zərbə idi. Buna görə də şəhərin azad edilməsi yalnız hərbi və siyasi məqsəd deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun və mənəvi bütövlüyün yenidən təmin olunması demək idi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan əks-hücum əməliyyatları Azərbaycan Ordusunun ardıcıl uğurları ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi strategiya nəticəsində düşmənin müdafiə xətləri yarıldı, mühüm strateji yüksəkliklər və yaşayış məntəqələri azad edildi. Müharibənin gedişində Şuşanın azad olunması əsas hərbi-strateji hədəflərdən birinə çevrildi. Çünki Şuşaya nəzarət Qarabağda hərbi vəziyyətin dəyişdirilməsi, düşmənin müdafiə imkanlarının zəiflədilməsi və müharibənin taleyinin həll olunması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Şuşa əməliyyatını fərqləndirən əsas cəhət onun son dərəcə mürəkkəb coğrafi və hərbi şəraitdə həyata keçirilməsi idi. Sıldırım qayalar, sıx meşələr, dar dağ yolları və əlverişsiz relyef hücum əməliyyatlarının aparılmasını çətinləşdirirdi. Düşmənin ağır hərbi texnika və müdafiə mövqelərinə arxalanmasına baxmayaraq, Azərbaycan hərbçiləri yüksək peşəkarlıq, taktiki çeviklik, döyüş ruhu və misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. Yüngül silahlarla, mürəkkəb dağlıq ərazidə irəliləyən xüsusi təyinatlılarımızın şücaəti hərb tariximizin ən parlaq nümunələrindən birinə çevrildi. Bu əməliyyat sübut etdi ki, müasir müharibədə texniki üstünlüklə yanaşı, peşəkar hazırlıq, düzgün taktiki qərarlar və yüksək mənəvi-psixoloji hazırlıq həlledici rol oynayır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış Şuşa əməliyyatının və bütövlükdə Qarabağ Zəfərinin siyasi-tarixi mahiyyətinin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsində işğala təkbaşına son qoymuş, böyük güclərin müqaviməti və müxtəlif təzyiqlər fonunda öz tarixi məqsədinə nail olmuşdur. Onun çıxışında xüsusi diqqət çəkən məqamlardan biri xalqın yumruq kimi birləşərək öz haqqını tələb etməsi və dövlətin bu şərəfli missiyanı yerinə yetirməsidir. Bu fikir Şuşa əməliyyatının uğurunu şərtləndirən əsas amillərdən birini - xalq, dövlət və ordu birliyini ifadə edir.
Prezidentin qurultaydakı çıxışında qeyd etdiyi kimi, 44 günlük müharibə zamanı Azərbaycana qarşı həm açıq, həm də diplomatik kanallar vasitəsilə ciddi təzyiqlər göstərilmiş, ölkəmizin iradəsini sarsıtmağa cəhdlər edilmişdir. Lakin Azərbaycanın qətiyyətli mövqeyi, müstəqil siyasəti və xalqın vahid mövqedən çıxış etməsi bu cəhdlərin qarşısını almışdır. Şuşanın azad edilməsi həmin siyasi iradənin döyüş meydanındakı təntənəsi idi. Dövlət başçısının vurğuladığı digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bir gün belə öz məqsədindən yayınmamış, həm siyasi müstəvidə, həm də döyüş meydanında ardıcıl fəaliyyət göstərmişdir. Beləliklə, Şuşa əməliyyatı hərbi uğurla yanaşı, düşünülmüş siyasi strategiyanın da nəticəsi kimi qiymətləndirilməlidir.
2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultayda Prezident İlham Əliyevin 8 Noyabrın Azərbaycanın əbədi bayramı olacağını vurğulaması bu tarixi günün milli yaddaşımızdakı yerini bir daha təsdiqləyir. Dövlət başçısının mövqeyinə görə, İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər yalnız ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır, həm də regionda yeni geosiyasi reallıqlar yaradaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir. Şuşanın azad edilməsi bu reallıqların formalaşmasında həlledici mərhələ oldu. Məhz həmin qələbədən sonra Ermənistanın müharibəni davam etdirmək imkanları kəskin şəkildə məhdudlaşdı və kapitulyasiya ilə nəticələnən proses sürətləndi.
Şuşa əməliyyatının təcrübəsi göstərdi ki, güclü ordu yalnız müasir silahlarla deyil, yüksək döyüş hazırlığı, peşəkar komandanlıq, milli ruh və xalqın etimadı ilə formalaşır. Bu baxımdan, hərbi qüdrətin artırılması ilə yanaşı, vətənpərvərlik tərbiyəsi, ideoloji təhlükəsizlik, təhsil və milli həmrəyliyin gücləndirilməsi də dövlət siyasətinin mühüm istiqamətləridir.
Şuşanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” ifadələri Azərbaycan tarixinin ən unudulmaz anlarından birinə çevrildi. Bu müraciət təkcə qələbə xəbərinin elan edilməsi deyil, həm də xalqın 28 illik həsrətinə son qoyulmasının, ata vəsiyyətinin yerinə yetirilməsinin və tarixi ədalətin bərpasının ifadəsi idi. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevin məzarı önündə ata vəsiyyətini yerinə yetirdiyini bildirməsi Zəfərin dövlətçilik varisliyi baxımından da dərin məna daşıdığını göstərirdi.
Bu gün Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin tarixi-mədəni irsinin qorunması, infrastrukturun yenilənməsi və mədəni həyatının canlandırılması Zəfərin davam edən nəticələridir. Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü il üçün isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun beynəlxalq mədəni nüfuzunun bərpasına mühüm töhfə vermişdir. Böyük Qayıdış çərçivəsində şəhərə qayıdan sakinlərin doğma yurdda təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi isə qazanılmış Qələbənin quruculuq mərhələsini təşkil edir.
Şuşa əməliyyatı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq. Bu qələbə şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və xalqımızın sarsılmaz birliyi hesabına qazanılmışdır. Şuşanın azad edilməsi göstərdi ki, milli iradə, güclü dövlətçilik və qüdrətli ordu birləşdikdə ən mürəkkəb tarixi vəzifələr belə reallaşa bilər. Qarabağ Zəfərinin zirvəsi olan Şuşa əməliyyatı bu gün də müstəqil Azərbaycanın gücünün, milli qürurunun və gələcəyə inamının rəmzi olaraq yaşayır.

Şamo Qasımov
YAP Laçın rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью