GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan üçün təkcə əhalinin doğma yurdlarına dönməsi deyil, eyni zamanda bu torpaqların yenidən qurulması, sosial-iqtisadi həyatın bərpası və dayanıqlı inkişaf modelinin formalaşdırılması deməkdir. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr, infrastrukturun yenidən qurulması və təhlükəsiz yaşayış mühitinin yaradılması bu prosesin əsas sütunlarını təşkil edir. Lakin Böyük Qayıdışın uğurlu olması üçün qarşıda hələ də həllini gözləyən mühüm məsələlər mövcuddur.
Böyük Qayıdış çərçivəsində hansı addımlar atılır? Prosesin daha intensiv və çoxşaxəli getmək üçün daha nələr etmək olar? Sülh sazişinin imzalanması Böyük Qayıdışa necə töhfə verəcək?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildikdən sonra qarşıda dayanan əsas strateji hədəflərdən biri məhz işğaldan azad edilmiş ərazilərin bərpası, reinteqrasiyası və bu torpaqlara tarixi qayıdışın təmin olunmasıdır:
“Bu istiqamətdə hazırda çox ciddi və sistemli işlər həyata keçirilir. Ən vacib məqam isə ondan ibarətdir ki, bu prosesin arxasında güclü siyasi iradə, yetərli maliyyə imkanları və formalaşmış kadr potensialı mövcuddur. Eyni zamanda, dost və tərəfdaş dövlətlərin də müəyyən dəstəyi bu prosesə əlavə dinamika verir. Nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi artıq sürətli və dinamik mərhələyə qədəm qoyub”.
Deputat qeyd edib ki, mövcud prosesdə əsas təhlükə mənbələrindən biri, heç şübhəsiz, ərazilərin minalanması ilə bağlıdır:
“Son dövrlərdə Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə olunmuş tarixi razılaşmalar isə belə bir əminlik yaradır ki, Ermənistan tərəfi minalanmış ərazilərlə bağlı xəritələri gec də olsa Azərbaycana təqdim edəcək. Bu addım Qarabağın bərpası və yenidən qurulması prosesinə, eləcə də əhalinin tarixi torpaqlarımıza qayıdışına mühüm töhfə verəcək. Bu məsələdə nikbin mövqe ifadə etmək üçün kifayət qədər əsaslar mövcuddur”.
Elman Nəsirovun sözlərinə görə, 2021-ci ildən etibarən 2025-ci ilin sonunadək işğaldan azad edilmiş ərazilərin bərpasına, yenidən qurulmasına və tarixi qayıdış prosesinə ümumilikdə 22 milyard manat vəsait xərclənib:
“2026-cı ilin dövlət büdcəsində isə bu məqsədlər üçün əlavə olaraq 3 milyard yarım manat vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək Qarabağa qayıdışla bağlı birinci Dövlət Proqramının icrasının yekunlaşdırılması planlaşdırılır və bu çərçivədə 140 minə yaxın soydaşımızın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur. Bundan sonrakı mərhələdə, yəni ikinci Dövlət Proqramının icrası prosesində isə daha genişmiqyaslı və ciddi nailiyyətlərin əldə ediləcəyi gözlənilir”.
E.Nəsirov deyib ki, hazırda artıq 72 minə yaxın soydaşımız Qarabağ və Şərqi Zəngəzur ərazilərində yaşayır, işləyir və təhsil alır:
“Bərpa prosesi olduqca sürətlə davam edir və müxtəlif ölkələr – qardaş Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan bu prosesə öz töhfələrini verməkdədir. Bu dövlətlərin kapitalı ilə məktəblər inşa olunur, sənaye müəssisələri fəaliyyətə başlayır. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun bərpasının Azərbaycan üçün strateji əhəmiyyət daşıyan və dinamik şəkildə həyata keçirilən bir proses olduğunu bir daha təsdiqləyir”.
Deputatın dediklərinə görə, bu prosesin mühüm həlqələrindən biri də Zəngəzur dəhlizinin, yaxud Tramp marşrutunun işə salınması ilə bağlıdır:
“Artıq bu məqsədlə Birləşmiş Ştatlar tərəfindən 145 milyon dollar vəsait ayrılması nəzərdə tutulub. Eyni zamanda, birgə Amerika-Ermənistan şirkətinin yaradılması planlaşdırılır və 2028-ci ilin sonunadək bu layihənin reallaşdırılması hədəflənir. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm tərkib hissələrindən biri olmaqla, onun işə salınması nəticəsində regiondakı bütün tərəflər üçün uduşlu vəziyyət formalaşacaq və bu, regional inkişafa çox ciddi təsir göstərəcək”.
Elman Nəsirov sonda əlavə edib ki, nəticə etibarilə, sülh prosesinin dayanıqlılığı və uzunmüddətliliyi təmin ediləcək:
“Ən əsası isə odur ki, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər aparılır. Amerika Birləşmiş Ştatları da bu prosesin əsas tərəfdarlarından biri kimi çıxış edir. ABŞ-nin verdiyi dəstək regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına mühüm zəmin yaradır”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.
Zaira Akifqızı
Globalinfo.az