Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O xatırladıb ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat davam etdi.
“Lakin həmin 23 saatın siyasi və tarixi nəticələri onilliklərlə ölçüləcək qədər böyük oldu. Qarabağdakı qanunsuz silahlı birləşmələrin tör-töküntüləri silahı yerə qoymağa, döyüş mövqelərini tərk etməyə və silah-sursatlarını təhvil verməyə məcbur oldular”, - deputat vurğulayıb.
Komitə sədri bildirib ki, illərlə özünü “dövlət” kimi təqdim edən separatçı rejimin silahlı dayaqları dağıldı: “Ardınca qondarma qurumun “prezidenti” Samvel Şahramanyanın imzaladığı fərmanla separatçı strukturların ləğvi və fəaliyyətinin dayandırılması elan edildi. Bu mənzərə Qarabağdakı separatizmin sadəcə hərbi deyil, siyasi iflasını da nümayiş etdirdi.
Əslində, 19-20 sentyabr hadisələrinin mahiyyətini yalnız hərbi terminlərlə izah etmək mümkün deyil. Burada söhbət Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam şəkildə bərpa etməsindən gedirdi. 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atan Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağdakı qanunsuz silahlı-siyasi strukturlara da son qoydu.
Beləliklə də, Qarabağda illərlə formalaşdırılmış “dondurulmuş münaqişə” mexanizmi dağıldı”.
Deputat qeyd edib ki, bu özünü region üçün ən mühüm nəticəsi isə təhlükəsizlik müstəvisində göstərdi:
“Çünki separatizm yalnız ərazi mübahisəsi deyildi. O, paralel silahlı qüvvələrin, qanunsuz hərbi infrastrukturun, mina təhlükəsinin, daimi qarşıdurma riskinin və xarici müdaxilə imkanlarının mövcudluğu demək idi. Qarabağda silahlı separatçı strukturun aradan qaldırılması ilə Cənubi Qafqazda uzun illər ərzində təhlükəsizlik üçün ciddi risk yaradan əsas ocaqlardan biri də aradan qalxdı”.
A.Nağıyev deyib ki, bu, bütövlükdə Cənubi Qafqaz üçün yeni reallıq yaratdı:
“Separatizm yuvasının birdəfəlik aradan qaldırılması regionda dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin daha aydın şəkildə önə çıxmasına, təhlükəsizlik risklərinin azalmasına və yeni əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradıb. Çünki davamlı sülh üçün əvvəlcə davamlı təhlükəsizlik, davamlı təhlükəsizlik üçün isə qanunsuz silahlı strukturların olmadığı sabit siyasi mühit lazımdır.
Azərbaycanın 2023-cü ilin sentyabrında yaratdığı yeni reallığın əsas siyasi mesajı da məhz budur: Qarabağ artıq qarşıdurmanın deyil, sülhün və əməkdaşlığın məkanı olmalıdır.
Bu gün regionun qarşısında yeni imkanlar açılır. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və Cənubi Qafqazın daha böyük Avrasiya bağlantılarına qoşulması üçün yeni zəmin formalaşır.
Üç il əvvəl Qarabağda qaldırılan ağ bayraq bir separatçı layihənin məğlubiyyətinin rəmzi idi. Bu gün isə həmin hadisənin daha böyük mənası görünür: Qarabağda silahların susması Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni səhifənin açılmasına imkan verdi. Bu, Azərbaycan üçün Zəfərin növbəti mərhələsidir.
Əgər 2020-ci ildə Azərbaycan Ordusu işğalın hərbi-siyasi dayaqlarını sındırdısa, 2023-cü ildə Qarabağdakı separatçı quruluşun son dayaqları da aradan qaldırıldı. Bir zamanlar separatizmin simvoluna çevrilən Qarabağ indi Azərbaycanın suverenliyi, quruculuğu və regional əməkdaşlıq siyasətinin simvoluna çevrilməkdədir”.
Mürtəza